Azərbaycan-Türkiyə münasibətlərinin dünyada bənzəri yoxdur və heç zaman da olmayacaq. Çünki bu, sadəcə ortaq dil, tarix və mədəniyyət amilindən qaynaqlanan münasibətlər deyil. Uzaq və yaxın tarix, hətta bu günümüz belə ortaq dilin, mədəniyyətin, qohumluğun gerçək dostluq və qardaşlıq üçün yetərli olmadığını təsdiqləyir. Bu baxımdan, mənə görə, Azərbaycan-Türkiyə münasibətlərinin bağları sadəcə daşıdığımız ortaq dəyərlər deyil, bəlkə də daha çox qarşılıqlı sədaqət və etimad, eləcə də bu yüksək mənəvi keyfiyyətlərin özünü hər iki ölkənin liderinin xarakterində, əməllərində büruzə verməsidir.
Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, məhz bu səbəbdən də Azərbaycan Prezidentinin qardaş ölkəyə səfərinin, qarşılıqlı münasibətlərin ən yüksək səviyyədə olmasına baxmayaraq, mühüm əhəmiyyət kəsb edəcəyi və dünyanın diqqət mərkəzində olacağı gözlənilən idi.
“Dövlətimizin başçıları arasında keçirilən görüşün 4 saatdan çox çəkməsi, müzakirə olunan məsələlərin siyahısı birlikdə getdiyimiz və gedəcəyimiz yolun ən önəmli mərhələsində olduğumuzu bir daha təsdiqləyir.
Azərbaycan və Türkiyənin birlikdə həyata keçirdiyi və keçirilməsi nəzərdə tutulan layihələr, yalnız bu iki qardaş ölkə üçün deyil, daha geniş bir ərazi, ortaq dəyər və talelərin birləşdirdiyi xalqların da yer aldığı nəhəng subregionu əhatə edir”, - deyə siyasi şərhçi bildirib.
O qeyd edib ki, təkcə Türk Dünyasının deyil, bizimlə tarix boyu eyni coğrafiyada yaşayan dost xalqların da təhlükəsiz gələcəyi Azərbaycanla Türkiyənin müəyyənləşdirdiyi strateji hədəflərdən, yol xəritələrindən keçir.
“Düşünürəm ki, Prezident İlham Əliyevin səfəri və qardaş ölkənin ölkəmizə gözlənilən səfəri aralığındakı məsafədə iki ölkənin strateji hədəflərinə doğru mühüm addımlar atılacaq və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana növbəti gəlişində daha bir tarixi hadisənin şahidi ola biləcəyik”, - deyə E.Mirzəbəyli əlavə edib.