Ukrayna Prezidenti Vladimir Zelenskinin qətiyyəti, cəsarəti, sona qədər ölkəni qorumaq istəyi olduqca önəmlidir və bu şəxs haqda yalnız xoş təəssürat yaradır. Ancaq məsələ budur ki, ölkə yalnız cəsarət, qəhrəmanlıq və s. keyfiyyətlərlə idarə olunmur.
Ölkənin idarəsi, ən çətin vəziyyətlərdə dövləti xilas etmək üçün yeri gələndə “qorxacaqsan”, yeri gələndə güzəştə gedəcəksən, yeri gələndə... Bir sözlə, ölkə ürəklə yox, başla idarə olunur, başla!
Ukrayna Rusiya üçün daha doğmadır, nəinki Azərbaycan! Azərbaycan keçmiş SSRİ ölkələri arasında Rusiya ilə münasibətləri ən yüksək səviyyəyə qaldıraraq, öz ərazi bütövlüyünü əhəmiyyətli dərəcədə bərpa edən yeganə dövlətdir. Niyə? Heç vaxt heç nəyi güzəştə getməyən Putin öz KTMT və Aİİ müttəfiqinin işğalçı siyasətinə niyə dəstək vermədi? Ona görə ki, beynəlxalq hüquq pozulmuşdu və Rusiyanın da tanıdığı Azərbaycanın ərazi bütövlüyünə qəsd edilmişdi?
Rusiyanın hansı siyasət yeritdiyini Ukrayna savaşında daha yaxşı müşahidə etmək imkanı olanlar da bilir ki, beynəlxalq hüquq-filan Kremlin milli maraqlarında heç mininci yerdə də deyil. Bəs necə olur ki, NATO-nun şərqə doğru genişlənməsindən “əndişəyə” düşüb, öz slavyan qardaşlarını ayağının altına alan Rusiya cənub sərhədində NATO üzvü olan Türkiyənin möhkəmlənməsinə nəinki seyrçi qalır, hətta bir müsəlman-türk ölkəsinin öz ərazi bütövlüyünü Kremlin müttəfiqinin əlindən xilas etməsinə şərait yaradır?
Niyə Putin İlham Əliyevin sözünü imzası kimi qəbul edir, ancaq Zelenskinin 3 illik görüş yalvarışlarına əhəmiyyət vermir?
Qətiyyən elə düşünülməsin ki, Putinin Ukraynaya müdaxiləsinə haqq qazandırırıq. Burda söhbət Rusiya kimi bir nəhənglə münasibətlərin ideal şəkildə qurulması və bu münasibətlərin kiçik ölkənin maraqlarına xidmət etdirilməsindən gedir.
Olduqca maraqlı bir situasiyadır: Azərbaycanda biriləri tapılır ki, İlham Əliyevin ərazi bütövlüyü məsələsində Rusiyaya güzəştə getdiyini, Xankəndini xilas etmədiyini dilə gətirə bilir. Deyəsən, həmin şəxslər Ukraynanın indiki aqibətini görmək istəmirlər.
Əlbəttə, Ukraynaya müdaxilə Rusiyanın çöküşüdür və bu, mütləq olacaq. Ancaq hazırda bütün zərbə Ukraynaya dəyir: nə qədər itki, qırğın, mülki insanların tələf olması, infrastrukturun məhvi... Ölkə darmadağın, insanlar pərən-pərən...
İlham Əliyev işğalda olan ərazilərimizin 80 faizini Rusiya ilə dostluğa nail olmaqla, ordu gücünə azad etdi, indi qalan 20 faizi də Rusiya ilə müttəfiq olmaqla azad etməyə girişib.
2020-ci ilin 44 günlük savaşından sonra Ukraynanın istisnasız olaraq bütün siyasətçiləri “Ukraynanın İlham Əliyevi yoxdur” deyirdilər və İlham Əliyevə yüksək dəyər verdiklərini açıq-aşkar nümayiş etdirirdilər.
Doğrudur, İlham Əliyev Heydər Əliyev kimi nəhəngdən dövləti miras almışdı, xarici siyasətdə ən böyük özülləri Heydər Əliyev qurmuşdu; Zelenski isə Poroşenko kimi “şokolad kralı”nın ölkəni Qərb maraqlarına satan mənfi ənənəsini qəbul etməyə məcbur olmuşdu; yəni Heydər Əliyev, məsələn, “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” ifadəsində Dağlıq Qarabağın ayrıca subyekt olmaması üçün hər şey etmiş, bu qondarma qurumu tərəf kimi sıradan çıxarmış, bütün beynəlxalq sənədlərdə bunu təsdiqlətmiş, işğal faktını tanıtmışdı, Zelenskinin sələfləri isə Minsk razılaşması ilə iki qondarma qurumu tərəfə çevirmişdilər və bu gənc aktyora heç bir şans buraxmamışdılar.
Amma məsələ yalnız müsbət ənənəni təhvil almaqdan deyil, onu davam etdirməkdən gedir: İlham Əliyev strategiyası Türkiyə ilə qardaşlığı dərinləşdirmək, Qoşulmama Hərəkatı, türk birliyi, qonşularla - əlbəttə ki, xüsusən Rusiya ilə ən yüksək əlaqələr üzərində inkişaf edib; İlham Əliyev bu müsbət özüllərin üzərində möhtəşəm bir konfiqurasiya qurub – nəticəsi də göz önündədir.
Zelenski isə Qərb təzyiqi altında Qərb siyasətini davam etdirdi və Putinin şəxsi keyfiyyətlərini (istəyirsiniz, qaniçənliyini oxuyun – fərq etmir) qiymətləndirməyi bacarmadı.
Ukrayna xalqı, siyasətçiləri və politoloqları İlham Əliyevin necə bir nəhəng olduğunu bilir və ən qəribəsi budur ki, 22 fevral 2022-ci il Moskva bəyannaməsini də bizim bir çox axmaqdan daha aydın, daha doğru dərk edirlər.
Məsələ belədir ki, İlham Əliyev Rusiyanın Donetsk və Luqanskı tanıdığı bir vaxtda Moskvaya səfər etdi və Putinlə 43 bəndlik müttəfiqlik sazişi imzaladı.
Politoloqlarımızın bəzilərinin şərhini görmüsünüzmü? “Azərbaycan Ukraynaya xəyanət etdi”, “İlham Əliyev Kiyevi satdı” və s. ittihamlarla hətta “Azərbaycan adından utanır və Ukrayna xalqından üzr istəyirəm” deyən debillər də tapıldı.
Bu, bizim bəzi manipulyantların debilizmi, bu da... Bu da hazırda oxuduğunuz yazının yazılmasına səbəb olan ukraynalı jurnalistin İlham Əliyevin Moskva bəyannaməsini imzalaması barədə şərhi.
Ukraynalı jurnalist “İlham Əliyev Ukraynanı satdımı” sualına cavab axtarır və tam dəqiq nəticələri ifadə edir. Deyir ki, İlham Əliyev bu görüş ərəfəsində, bu görüşdə və bundan sonra Ukraynanın ərazi bütövlüyünə qəsd edən bircə söz belə işlətmədi, əksinə, ölkələrin ərazi bütövlüyü prinsipinə sadiqliyini bir daha təkrarladı.
İlham Əliyev Moskvada Luqansk və Donetsk “xalq respublikaları”nın adını dilinə gətirmədi, hətta Krımın Rusiyanın subyekti olması barədə bircə ifadə işlətmədi.
İlham Əliyev beynəlxalq hüquqa və prinsiplərə tam uyğun davrandı.
Üstəlik, bu qan-qada ərəfəsində Rusiyadan öz ərazi bütövlüyünə bir daha təminat alıb, bunu müttəfiqlik bəyannaməsində birinci bənd elədi.
İlham Əliyev həm də Rusiya ilə neft-qaz ticarətini bu müttəfiqlik bəyanatında rəsmiləşdirdi. İndisə baxın: Rusiyaya sanksiyalar tətbiq edilir, neft-qazını sata bilməyəcək, Azərbaycan isə onun qaz-neftini su qiymətinə alıb, Avropaya baha satıb, durduğu yerdə milyonlar qazanacaq...
Bunları ukraynalı jurnalistlər, politoloqlar deyir.
İlham Əliyev Ukraynaya himanitar yardım edir, Zelenski qaz istəyir, verir, bütün ölkələrin ərazi bütövlüyünə hörmətə çağırır. Başqa nə etməlidir? “Ukraynanı satıb” nə etmişik? NATO-nun üyütdüyü “Kalibr”in, “Satana”nın, “Su”ların, min km-lərlə məsafədəki hədəfi bir metr yanılmadan vuran səsdən 20 dəfə sürətli raketlərin qarşısına keçməliyik? Niyə və hansı əsasla?
Siz Papadan artıq katoliksiniz? Ukraynalılar özləri İlham Əliyevin Ukraynanın ərazi bütövlüyünə hörmət edərək, beynəlxalq prinsipləri qoruyaraq öz milli maraqlarını təmin etmək üçün unikal addımlar atıb, ölkəsinə daha üstün mövqe qazandırmağından danışır, yazır, deyir, bəzi azərbaycanlılar isə qalxıb, İlham Əliyevin bu misilsiz manevrlərinə dil uzadır...
Xankəndiyə girsək – necə ki, ermənilər Avropa mediasını ora töküb, “növbəti soyqırım” şousu üçün plan qurmuşdular – və Qərbdən bircə sanksiya gəlsə, necə olacaqdıq?
Xırdalana atılan raket havada öz-özünü məhv etməsə, nə baş verəcəkdi?
Dedik axı, ölkə başla idarə olunur...
İlham Əliyev, sadəcə, əvəzolunmaz liderdir!
Axar.az / Şeyx Teymur