Ermənilərlə biznes quran rus sülhməramlılarının komandiri kimdir? - General Volkovla bağlı FAKTLAR - VİDEO

Ermənilərlə biznes quran rus sülhməramlılarının komandiri kimdir? - General Volkovla bağlı FAKTLAR - VİDEO backend

“Caliber”in yeni süjeti hazırda Qarabağdakı Rusiya sülhməramlılarının rəhbəri general-mayor Andrey Volkova həsr olunur.

Videomaterialda onun yarıtmaz fəaliyyəti və bunun əsl səbəbləri təfərrüatları ilə araşdırılır.

Daha ətraflı “Caliber”in süjetində:

Son həftələr Qarabağda gərginliyin dərəcəsi yüksəlir.

Caliber.az xəbər veri ki, mövqelərimizin atəşə tutulması müntəzəm xarakter alıb və bu, bir qayda olaraq, Ağdam istiqamətində aparılır. Ermənistan tərəfi bu cür təxribatlarla açıq-aydın Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası prosesini ləngitməyə, Silahlı Qüvvələrimizi ayaqda saxlamağa çalışır.

Bəs bu yaxınlara qədər Kəlbəcərdə oğurlanmış sonuncu unitazları da özlərilə aparan Qarabağdakı quldurlara bu cür cəsarəti nə və ya kim verir?

Quldurların Qarabağda arxalandığı əsas fiqur Rusiya Sülhməramlı Kontingentinin (RSK) hazırkı komandiri, general-mayor Andrey Volkovdur.

Azərbaycanın sağlam işgüzar münasibətlər qurduğu və yeni yaranan insidentlərlə məşğul olan sələfləri Anaşkin və Muradovdan fərqli olaraq, Volkov neytral sülhməramlı deyil, separatçıların açıq tərəfdarıdır. Bu, prinsipcə, təəccüblü deyil, çünki əldə etdiyimiz məlumata görə, general Volkov artıq Azərbaycanın Qarabağ bölgəsində RSK-nin müvəqqəti məsuliyyət zonasında, o cümlədən Pirlər kəndindəki üzüm bağlarında öz biznes maraqlarını həyata keçirir. Üstəlik, Volkov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək separatçılara mütəmadi olaraq qaçaqmalçılıq xidməti göstərir. Təbii ki, bütün bunlar təmənnasız baş vermir.

Əlavə pul qazanmaq üçün əbədi istəkdən başqa, Volkovun belə bir mövqeyinin səbəbi nədir? Rusiyalı generalın ətrafından bizə məlumat veriblər ki, Volkovun maddi marağı ilə yanaşı, həm də psixoloji motivi var - onun azərbaycanlılara qarşı şəxsi nifrəti var. Və hətta bunun səbəbini də bilirik.

2020-ci ilin dekabr ayında bölmələrimizin Azərbaycanın Xocavənd rayonunun Köhnə Tağlar (erm. Xin Taqer) və Çaylaqqala (erm. Xtsaberd) kəndlərində bir qrup erməni diversantının zərərsizləşdirilməsi üçün keçirdiyi xüsusi əməliyyat hamımızın yadındadır. Sonra erməni tərəfi məhz general Volkova ümid edərək, bu kəndlərdə möhkəmlənməyə çalışdı. İş o yerə çatdı ki, hər şey ermənilərin planı üzrə getməyəndə həmin vaxt RSK komandirinin müavini vəzifəsində çalışan general Volkov şəxsən zirehli transportyoru ilə Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat zonasına gələrək prosesi dayandırmağa çalışdı. Ancaq hərbçilərimiz onun nazı ilə oynamadılar: Volkov mühasirəyə alındı ​​və daha sonra öz işlərinə qarışmaması üçün öyüd-nəsihətlə yola salındı. Görünür, o dekabr biabırçılığından sonra generalda ciddi psixoloji komplekslər yaranıb.

Volkov sülhməramlıdan Qarabağda şəxsi biznes maraqları və azərbaycanlılara qarşı şəxsi düşmənçiliyi olan birbaşa tərəfə çevrildi. Bu səbəbdən də Azərbaycan Volkovun daha adekvat və neytral fiqurla dəyişdirilməsində israrlıdır. RSK-nin hazırkı komandiri regionda sülhün bərqərar olmasına töhfə vermir, yalnız təcavüzkar separatizmi qızışdırır.

Sonda general Volkova xatırlatmaq istərdik ki, Qarabağ münaqişəsinin həlli tarixində elə rus generalları olub ki, onlar bitərəfliyini qoruyub və azərbaycanlılar üçün bu müqəddəs torpaqlarda sülh naminə hər şeyi, hətta öz həyatlarını belə riskə atıblar. Söhbət xidməti borcuna sədaqətinə, əyilməzliyinə, cəsarətinə və prinsiplərə sadiqliyinə görə çoxları tərəfindən “dəmir general” adlandırılan DQMV-nin xüsusi vəziyyət zonası və Azərbaycanın ona bitişik rayonlarının komendantı general-mayor Vladislav Nikolayeviç Safonovdan gedir. 1988-1990-cı illərdə V.Safonov Qarabağın azərbaycanlı əhalisinin, Azərbaycan torpaqlarının erməni işğalından qorunmasında böyük xidmətlər göstərib. Həmin illərdə onun prinsipial mövqeyinə görə Qarabağda nisbi sabitliyi təmin etmək mümkün olub.

1991-ci ildə Azərbaycanın Füzuli və Xocavənd rayonlarının hərbi komendantlıqlarına rəhbərlik etmiş, azərbaycanlıların yaddaşında vicdanlı zabit kimi qalmış Rusiya Daxili Xidmətinin general-leytenantı Aleksandr İvanoviç Voloxu da misal çəkmək olar.

Volox da, Safonov da Qarabağda öz missiyasını layiqincə yerinə yetirdilər, formalarının şərəfinə ləkə salmadılar. Bununla belə, Qarabağdakı RSK-nın hazırkı komandiri general Volkov, görünür, Xüsusi İdarə Komitəsindən yadda qalan Arkadi Volskinin yolunu tutub. Onun erməni separatçıları ilə uzlaşması Bakını Moskvadan onun tez bir zamanda bölgədən geri çağırılmasını tələb etməyə məcbur etdi. Nə oldu? Volski qalmaqal və biabırçılıqla Qarabağdan atıldı. Əgər Volkov hazırki fəaliyyətini davam edərsə və Azərbaycan torpaqlarında separatçıların biznes tərəfdaşı deyil, sülhməramlı olduğunu unudarsa, o zaman çox keçmədən Volskinin taleyini bölüşə bilər...

Diaspora