Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
“Fevralın 21-də Fransa və Azərbaycan öz diplomatik münasibətlərinin qurulmasının 30 illiyini qeyd edirlər. Bu münasibətlə mən Sizə səmimi təbriklərimi ünvanlamaq istəyir və ümid edirəm ki, Azərbaycan öz müstəqilliyini, inkişafını və ölkələrimizin bağlı olduğu dünyəviliyi möhkəmləndirməyi bundan sonra da davam etdirəcək.
Bu illər ərzində Fransa və Azərbaycan iqtisadi, mədəni və təhsil sahələrində tərəfdaşlığa əsaslanan, Fransa və Azərbaycan arasında dostluğun bünövrəsi sayılan Fransa-Azərbaycan Universiteti və Bakıdakı fransız liseyi kimi ümumi uğurlarla əlamətdar olan möhkəm əlaqələr qura bilmişlər. Fransa İnkişaf Agentliyi infrastruktur və kommunikasiya sahələrində layihələr həyata keçirməkdədir.
Prezident Heydər Əliyevin Prezident Fransua Mitteranla 1993-cü ildə imzaladığı dostluq, anlaşma və əməkdaşlıq haqqında müqavilə əsasında qurulan bu münasibətlər həm də mənim çox bağlı olduğum ən yüksək səviyyədə siyasi dialoqa əsaslanır. Azərbaycan Prezidenti kimi ilk səfərlərinizi Fransaya etdiyinizi unutmamışıq.
Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədri kimi, regionda ədalətli, davamlı sülh və rifah mənbəyi üçün səyləri dəstəkləmək öhdəliyinə tam sadiqdir.
Mən Sizinlə və Ermənistanın baş naziri ilə Avropa Şurasının? (Avropa İttifaqı Şurası) sədrinin yanında apardığınız son mübadilələrimizin konstruktiv ruhunu alqışlayıram. Fransa müzakirə etdiyi bütün mövzularda irəliləyişə nail olmaq üçün öz dəstəyini verməyə hazırdır. Mən qorunmalı olan irs məsələsi və UNESCO-nun missiyası barədə toxunduğumuz mövzu haqqında da xüsusilə düşünürəm.
Fransa, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında Şərq tərəfdaşlığı və iştirak etdiyimiz 15 dekabr Zirvə görüşündə müəyyən edilmiş prioritetlər çərçivəsində əlaqələri gücləndirmək arzusundadır.
Ümidvaram ki, ikitərəfli əlaqələrimiz bundan sonra da dostluq və etimad ruhunda möhkəmlənəcəkdir. Əmin olun ki, Fransa buna fəal şəkildə töhfəsini verəcəkdir.
Cənab Prezident ən yüksək ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm”.
Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev fransalı həmkarı Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
“Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar mənə ünvanladığınız məktuba görə Sizə təşəkkür edirəm. Mən də öz növbəmdə Sizi və Fransa xalqını bu əlamətdar tarix münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
1993-cü ildə Azərbaycan ilə Fransa arasında imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Müqavilə ikitərəfli münasibətlərimizin təməl prinsiplərini və inkişaf xəttini müəyyən etmişdi. Azərbaycan bu prinsiplərə daim sadiq qalaraq Fransa ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına çalışmışdır.
Ötən dövr ərzində Azərbaycan-Fransa əlaqələri dinamik inkişaf etmiş, səmərəli əməkdaşlıq münasibətləri formalaşmış və bir çox sahələrdə yaxşı nailiyyətlər əldə olunmuşdur. Bu gün Fransa şirkətləri Azərbaycanın iqtisadi həyatında fəal iştirak edir, Bakıda Fransız Liseyi və Fransız-Azərbaycan Universiteti uğurla fəaliyyət göstərir. Mehriban Əliyevanın bilavasitə rəhbərliyi altında ölkələrimiz arasında mədəni əlaqələrin inkişafına göstərilən diqqəti xüsusilə qeyd etmək istəyirəm. İnanıram ki, iqtisadiyyat, mədəniyyət, təhsil və digər sahələrdə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı bundan sonra da xalqlarımızın və ölkələrimizin rifahına xidmət edəcəkdir.
Müxtəlif sivilizasiyalara, mədəniyyətlərə və dinlərə mənsub xalqların tarixən birgə və mehriban yaşadığı Azərbaycan Respublikası xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycan öz tarixi, əzəli torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyaraq ərazi bütövlüyünü təmin etmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmişdi. Otuz illik təcavüzün bitməsi yeni geosiyasi reallığa uyğun olaraq regionda əməkdaşlıq üçün imkanlar yaratmışdı. Bu baxımdan nəqliyyat-kommunikasiya xətlərinin açılması bölgəmiz üçün böyük iqtisadi perspektivlər vəd edir.
Hesab edirəm ki, Avropa İttifaqının hazırkı sədri qismində Fransanın təşəbbüsü ilə dördlü formatda keçirdiyimiz görüş və apardığımız danışıqlar regionda etimadın gücləndirilməsi, davamlı sülhün və sabitliyin təmin olunması üçün əlverişli imkan açmışdı.
Azərbaycan sülhün tərəfdarıdır. Biz ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq. Ermənistanın bu məsələdə konstruktiv mövqe nümayiş etdirməli olduğunun vacibliyini vurğulayaraq Fransanın regionun sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq.
Hörmətli cənab Prezident,
Hazırda Azərbaycanın qarşısında duran əsas vəzifə çoxillik işğal nəticəsində dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Biz azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi dəstəyi yüksək qiymətləndiririk. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsi zamanı 4000-ə yaxın itkin düşmüş soydaşımızın taleyinin aydınlaşdırılması məsələsinə ölkənizin göstərdiyi diqqəti alqışlayırıq.
UNESCO-nun üzvü kimi və onun Nizamnaməsinə uyğun olaraq Azərbaycan təşkilatın missiyasını öz ərazisində qəbul etmək niyyətini son onilliklər boyu rəsmi şəkildə dəfələrlə bəyan etmişdi. UNESCO-nun missiyasını üzv ölkənin suverenlik hüququna hörmət əsasında ölkəmizdə tezliklə görməyə hazırıq.
Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın şaxələndirilməsinə, eləcə də üzv ölkələr ilə əlaqələrin və dialoqun genişlənməsinə böyük önəm verir. Qarşıdan gələn aylarda ölkənizin Avropa İttifaqına sədrliyi çərçivəsində bu əlaqələrin daha da möhkəmlənəcəyinə inamımızı ifadə edirik.
Dərin hörmət və ehtiramlarımı izhar edirəm”.