Elçin Mirzəbəyli: “Türkiyə-İsrail, İsrail-ərəb ölkələri münasibətlərində nəzərəçarpan müsbət dinamikanın təməlində də bu gerçəklik dayanır”
İsrail prezidenti İsaak Hersoq martın 9-10-da Türkiyəyə rəsmi səfərə gələcək. Səfər çərçivəsində o, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bölgənin bu iki qüdrətli dövlətinin barışması və prezident səviyyəsində səfərin baş tutması hansı strateji hədəflərdən xəbər verir? Xüsusilə də Ukrayna-Rusiya müharibəsi gedən bu ərəfədə səfərin geostrateji önəmi və bu səfərə beynəlxalq diqqət xeyli artacaq.
Xatırladaq ki, İsaak Hersok yanvarın sonlarında Birləşmiş Ərəb Əmirliyinə də səfər etmişdi. Bu, İsrailin dövlət başçısının BƏƏ-yə ilk rəsmi səfəri kimi tarixdə qaldı.
İsrail Türkiyə və Ərəb ölkələri ilə münasibətləri qaydasına salır. Azərbaycanla isə İsrailin münasibətləri hər zaman yaxşı olub. 44 günlük müharibədə bunun avantajını gördük.
İsrailin türk və ərəb dünyası ilə dostlaşması İrana qarşıdırmı? Yoxsa burada başqa hədəflər var?
Elçin Mirzəbəyli
Politoloq Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Ukraynada baş verənlər qlobal təhlükəsizlik mexanizmlərinin dövlətlərin sərhədlərinin toxunulmazlığının təmin edilməsi, ərazi bütövlüyünün qorunması və ən müxtəlif təhdidlərin qarşısının alınması üçün yetərli olmadığını sübuta yetirdi. Sübuta yetdi ki, dünya düzəninin faktiki olaraq yenidən qurulduğu mövcud zaman çərçivəsində ən doğru seçim effektiv regional təhlükəsizlik mexanizmlərinin formalaşdırılmasıdır: “Türkiyə-İsrail, İsrail-Ərəb ölkələri münasibətlərində nəzərəçarpan müsbət dinamikanın təməlində də bu gerçəkliyin qəbul edildiyinin dayandığı qənaətindəyəm. Bu baxımdan, Türkiyə ilə İsrailin, həmçinin İsraillə ərəb ölkələrinin münasibtələrinin normallaşması istiqamətində atılan addımları və bu prosesin dinamik inkişaf edəcəyini gözləmək mümkündür. Amma bu faktorun İrana qarşı olduğunu düşünmürəm. İran nə Türkiyənin, nə də İsrailin təhlükəsizliyini təhdid edə biləcək gücdə deyil. Ərəb ölkələri üçün müəyyən problemlər yarada bilər. Necə ki, indiyədək yarada bilib. Amma mövcud reallıqlar çərçivəsində hansısa münaqişələrin iştirakçısı olmaq İranın da maraqlarına uyğun gəlmir. Dünyadakı mövcud reallıqlar dövlətləri daha öncə mövcud olan və sınaqdan uğurla keçmiş münasibətlərini bərpa və inkişaf etdirməyi zəruri edir”.
Ekspertin sözlərinə görə, əslində bölgədə Türkiyə-İsrail münasibətlərinin inkişafı, bu müstəvidən ərəb ölkələri ilə etimadlı münasibətlərin qurulması sabitliyin, təhlükəsizliyin başlıca qarantıdır. Türkiyə həm ərəb, həm də Türk dünyasında yüksək nüfuz sahibidir. Şübhəsiz ki, bu nüfuz rəsmi Tehranın bütün cəhdlərinə baxmayaraq, İrana da sirayət edir: “Hesab edirəm ki, İranın dini-siyasi hakimiyyətinin bütün yayındırıcı manevrlərinə rəğmən, rəsmi Tehran Türkiyə ilə normal münasibətlərin qurulmasının vacibliyinin fərqindədir. 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda və daha geniş subregionda yaranan reallıqlar yeni və daha sabit bölgəsəl əməkdaşlıq platformalarının yaradılmasını zəruri edir. Bu, təkcə hərbi-siyasi baxımdan deyil, həm də iqtisadi cəhətdən də mühüm əhəmiyyət kəsb edən məsələdir. İndi təhlükəsizliklərini düşünən dövlətlər ekstremal situasiyalarda heç bir işə yaramayan hərbi-siyasi ittifaqlardan daha çox regional təhlükəsizliyi təmin edə biləcək münasibətlərə önəm verirlər. Türkiyə-İsrail münasibətlərində nəzərəçarpan müsbət elementləri də məhz bu kontekstdən dəyərləndirirəm və bunun Azərbaycan üçün də faydalı olduğunu düşünürəm”.
“Yeni Müsavat”