"Ukraynada müharibə uzanarsa, Rusiya-NATO toqquşması ehtimalı artacaq. Birincisi, Ukrayna uğrunda savaşmaq istəyən xarici ölkə vətəndaşları Kiyevə axın etməyə başlayıblar. Savaşmaq istəyənlər arasında NATO-ya üzv ölkələrin vətəndaşları da var. İkincisi, NATO ölkələri Ukraynanı silahlandırır. Rusiya Ukrayna ərazisini bombardman edərkən həmin silahların çatdırılma məntəqələrini hədəf ala bilər. Üçüncüsü, Rusiya Ukraynaya Qara dənizdən də hücum təşkil edib. Rusiyanın NATO-ya üzv ölkələrdən birinin Qara dənizdə üzən hərbi gəmisini və ya bölgə üzərində uçuş həyata keçirən təyyarəsini vura bilmə ehtimalı artır".
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, əsas sual budur: Rusiya bilərəkdən və ya bilməyərəkdən NATO-ya məxsus gəmini və ya hərbi təyyarəni vurarsa və bu zaman hərbçilər ölərsə, Şimali Atlantika blokunun reaksiyası necə olacaq?
"Bu, Moskvanın özünü necə aparacağından asılıdır. Rusiya üzr istəyərsə, gərginlikdən qurtulmaq mümkündür. Yox, əgər Rusiya vurduğu hərbi gəmi və təyyarəyə görə haqlı olduğunu israr edərsə, NATO adekvat addımlar barədə düşünəcək. Bu halda haqqında çox danışılan Üçüncü Dünya müharibəsi riski artacaq".