İndi ən çox hər kəsi maraqlandıran bir sual var: Rusiya-Ukrayna savaşının sonu necə olacaq?
Bu gün Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatın (və yaxud öz adı ilə desək, işğal müharibəsinin) 6-cı günü başlayır və bu günlərdə hadisələrin inkişafı bundan əvvəl haqqında danışdığımız ssenarinin sürətlə gerçəkləşdirildiyini göstərir.
Nəticə necə olacaq?
Artıq ilkin nəticlər var: Rusiya bütün beynəlxalq idman federasiyalarından çıxarılır, bu ölkədə yarışlardan imtina edilir, xarici ölkədəki pavilyonları ləğv olunur.
Rusiyanın bütün əsas siyasi simaları artıq sanksiya altındadır – onların xarici banklardakı əmlakları üzərinə həbs qoyulur, hesabları dondurulur; Rusiyadan addımlarını kənara ata bilməzlər. İş o yerə çatır ki, Rusiya XİN rəhbəri Cenevrəyə gedə bilmir.
Rusiyanın Qərbdəki diplomatları azaldılır və yaxud tam çıxarılır, beynəlxalq meydanlarda Rusiyanın hüquqlarını müdafiə edəcək və bu ölkənin sözünü deyəcək şəxslər “arzulanmaz şəxs”lərə çevrilir. Hətta Avropada təhsil alan rus tələbələrin müqaviləsi ləğv edilir və onlar geri göndərilir.
36 ölkə Rusiya ilə hava məkanını bağlayıb. Rusiyadan Avropaya bir azdan quş da uça bilməyəcək.
Rusiyanın təbliğat aparatları bir-birinin ardınca bloklanır.
Ölkənin SVİFT sistemindən çıxarılması istiqamətində əhəmiyyətli addım atılıb, əsas banklar artıq bu beynəlxalq ödənişdən kənarlaşdırılıb.
Rusiya Mərkəzi Bankının yüzmilyardlarla ölçülən aktivləri dondurulur.
Rusiyanın ən çox ümid etdiyi Çinin ayrı-ayrı nəhəng şirkətləri sanksiya altına düşməmək üçün Rusiya ilə ehtiyatlı davranmaq qərarı verib, Çin banklarının Rusiyaya investisiya yatırmamaq tapşırığı aldığı haqda xəbərlər var.
Dünyanın ən nəhəng ölkələri rus oliqarx və milyarderlərin aktivlərini dondurur, onları layihələrdən kənarlaşdırır və investisiya proqramlarından çıxarır.
Rusiyanın ən çox güvəndiyi enerji məsələsində də imtinaya start verilir. Artıq Kanada Rusiyadan xam neft idxalını dayandırır.
Rublun ötən gün hansı səviyyədə bahalaşdığını gördük. Moskva birjasında 110 rubla qalxan dollar qara bazarda 150-200 rubla satılırdı. Buna görə MB birjadakı bir çox əməliyyatları dayandırmağa məcbur oldu.
Əhali artıq banklardan vəsaitlərini geri çəkir, müflisləşmə başlayıb.
Bu gün birja açılandan sonra rublun aqibətinə bir də baxacağıq.
Bu, hələ sanksiyalara rus iqtisadiyyatının ilk gündəki reaksiyasıdır. Qərb bütün arsenalı ilə iqtisadi müharibəni saniyə-saniyə gücləndirir.
Təbliğat məhv edilir
Rusiya təbliğat maşınlarının bloklanması ilə bərabər, onların reklam imkanları, pul qazanmaq yolları da qapanır: sosial şəbəkələr və beynəlxalq internet sistemləri Rusiya istiqamətində bircə sent də getməməsi üçün hər addımı atırlar.
RT, Sputnik qadağan edilir, bu qurumların rəhbərləri də daxil olmaqla, rus təbliğatının simalarına ağır sanksiyalar tətbiq edilir.
Görün, dünyanın harasıdır ki, araqarışdıran, kənara ancaq nifrət püskürən, xüsusilə Ukrayna mütəxəssislərini verilişinə çağırıb, sonra da onları təhqir etməklə “xal” qazanan, heç vaxt geri çəkilməyən rus şovinist təbliğat maşınının tele-skinxedi Solovyov Rusiyaya tətbiq edilən sanksiyaların hətta İrana, Venesuelaya, Şimali Koreyaya tətbiq edilmədiyini bildirib, ilk dəfə olaraq “vəziyyətin çox ciddi” olmasını etiraf edib, “düşünmək” lazım gəldiyini bildirir.
“Solovyov” və “düşünmək” anlayışları arasında böyük ziddiyyət var – Qərb sanksiyaları bu ziddiyyəti bircə günə aradan qaldırdısa, demək, vəziyyət doğrudan da pisdir.
Hərbi sahədə
Ukrayna 6-cı gündür ki, dözür və təkcə dözmür, əks zərbələr də vurur.
Pentaqon rəsmisi elan etdi ki, Rusiya Ukrayna ilə müharibəyə öz qüvvələrinin 75%-ni cəlb edib. Rusiyanın tam gücünün 75%-i! Çox böyük rəqəmdir. Bu qədər hərbi arsenalla hücum nəticə vermir və verə də bilməzdi.
Ukraynanın böyük - 600 min kv.km-lik ərazisini işğal etmək üçün təkcə yüzminlərlə əsgər lazım deyil, həm də Ukrayna şəhərlərində “partizan müharibəsi” apara bilən peşəkarlara illərlə vaxt lazımdır.
Bəli, məhz illərlə və Qərb də bunu hesablamışdı: rus ordusunu şəhərlərə buraxmaq, sonra da küçə döyüşləri ilə məhv etmək.
Bunun üçün yüzmilyonlarla silah Ukraynaya axır, peşəkarlar yardım edir, informasiya və kəşfiyyat məlumatları gəlir.
Zelenski ötən gün nahaq yerə demədi ki, müharibədə dəyişiklik başlayır, artıq rus ordusunun qarşısında müdafiədən hücuma keçilir – tədricən, təşəbbüsü ələ alaraq.
Bunun üçün Ukrayna hər şey edir: məhbusları belə türmədən buraxıb, partizan savaşına göndərir, əcnəbilərin ölkədə döyüşməsi üçünsə “beynəlmiləl legion”lar yaradılır. Bu “könüllü-muzdlu”lara böyük rəqəmlər ödəməyə isə Qərbin göndərdiyi vəsaitin xırda hissəsi bəsdir.
O legionlara əcnəbi muzdluların qısa müddətdə toplanacağı və yaxud artıq toplandığı haqda məlumatlar var. Rusiyalı rəsmilərin sözlərinə görə, “beynəlmiləl legion” adı ilə Ukraynada olan xarici döyüşçülər legitimləşdirilir və onların döyüşə girməsinə izn verilir.
Bəli, “beynəlmiləl legion”lar savaşa qatılır və bu, küçə döyüşləridir - Qərbin uzun müddətdir hazırladığı plan: bəs, “Javelin”lər niyə axırdı Ukraynaya?
Rusiya MN ötən gün Ukrayna hava məkanını tam nəzarətə götürdüyünü iddia etdi. Pentaqon rəsmisi isə bildirdi ki, Rusiya bu məsələdə “tam haqlı” deyil, çünki bir çox ərazilərdə hava üstünlüyü “əldən ələ” keçir.
Rusiyanın məhz hava üstünlüyünü ələ keçirməsi üçün ona şans tanınmış, həvəsləndirilmişdi. İndi isə bu üstünlüyü ondan almaq üçün proses başlayıb: AB qırıcılar göndərir, ABŞ HHM sistemləri...
Ukraynanın artıq bu qırıcılar və sistemlər gələnə qədər dözəcəyinə indi daha heç kim şübhə etmir!
Rusiya məcburdur, Belarusu da müharibəyə qatmağa hazırlaşır. Ancaq artıq Belarusa iqtisadi-siyasi zərbələr indidən gəlir. Üstəlik, rus ordusunun küçə döyüşlərindən bacarmadığını Belarusun bir neçə minlik qüvvəsi bacaracaq?
Rusiyada cəmi 5 günə etirazlar yüksəldi
Küçə etirazlarını, xalqın müharibə əleyhinə aksiyalarını nəzərdə tutmuruq. Söhbət oliqarxların, milyarderlərin, düşünən başların narazılığından gedir.
Rusiyada cəmi 5 gün ərzində artıq 2 milyarder və 100 iqtisadçı ekspert rəsmi müraciətlə müharibənin dayandırılması tələbini qaldırıblar. Ayrı-ayrı ziyalıların, sabiq deputatların bu müharibəni başladan rus rəhbərlərinə qarşı hədsiz qəzəb püskürən video-çıxışlarının sayı sürətlə artır. Etirazçılar həndəsi silsilə ilə artır - çünki milarderlər məhz hər keçən gün milyardlar itirirlər, iqtisadçılar isə bu sanksiyaların dağıdıcı nəticələrini bilirlər.
İran dözdü, Şimali Koreya dözdü, Rusiya xalqı da dözəcəkmi?
Qətiyyən! Rus insanı düşüncə baxımından iranlılardan tamamilə fərqlənir. Onların gözünü hansısa məqamda millətçi-şovinist və imperialist şüarlarla örtmək olar, ancaq məhz imperiya təkəbbürlərinə görə bu cür yaşamalarına razı ola bilməzlər.
Rus insanı düşüncə, təfəkkür, mədəniyyət baxımından tamamilə fərqlidir. Buna görə də bu müharibəyə, qardaş qırğınına qarşı çıxan sadə vətəndaşların qısa müddətdə etirazı qaçılmaz olacaq.
Onların sırasına isə oliqarxlar, milyarderlər, iş adamları və biznesi məhv olub, müflisləşən orta sahibkarlar qoşulacaq.
Ukrayna savaşı davam etdirəcək!
Ukrayna Donbası tam nəzarətə götürmək üçün sona qədər savaşacaq və hər keçən gün Ukraynanın müdafiə imkanları genişləndikcə, Rusiyanın itkiləri artdıqca, bu istək də yüksələcək.
Rusiya rəhbərliyinin savaşın dayandırılması üçün tələbləri dəyişməyib: demilitarizasiya, Krım üzərində Rusiyanın suverenliyinin tanınması və neytral status.
Ukraynanın Krımdan vaz keçməsi mümkün deyil, Putinin də. Demək, heç bir razılaşma olmayacaq və savaş davam edəcək. Nə vaxta qədər?
Olduqca maraqlı bir statistikanı yada salaq. Rusiya qüvvələrinin hücumdan bir gün əvvəl 45 min meyit kisəsi sifariş etdiyi barədə Qərb mənbələri məlumat yaymışdı.
Hücumun az qala dəqiq tarixinə qədər məlumat verən Qərb mənbələrinə inanmamaq olmur. İndiyə qədər rus ordusunun 5,3 min itki verdiyi deyilir. Belə çıxır ki, hələ savaşın bitməsinə xeyli var.
Qərb bir saniyə də dayanmır
Qərb ölkələri artıq sanksiya tətbiq etmədiyi adam saxlamayıblar: Rusiyanın adi tələbələrini Avropadan qovan düşüncə sanki bütün Rusiya vətəndaşlarının siyahısını önünə qoyub, hər kəsə ardıcıl məhdudiyyət tətbiq edir.
Digər tərəfdən isə Ukraynaya verilən vədlərin ardınca qaçır. Ukrayna yaxın müddətdə AB üzvünə də çevrilə bilər və müharibə gedə-gedə bu prosesin başlanmasına razılıq verilsə, bu, tarixin təkəri dəyişəcək.
Qərb bu addıma gedirmiş kimi davranır.
Müharibənin ilk günündə “Ukrayna 3-4 həftə dözsə, Rusiyada oliqarxik parçalanmanın nəticəsi küçələrdə görünəcək” deyə bir proqnoz verilmişdi.
Rusiya ona doğru gedir. Putini yanıldıb, bu dəhşətli səhvə təhrik etdilər, Ukrayna bataqlığına çəkdilər və bu bataqlıqda da boğurlar...
Axar.az / Şeyx Teymur