Osloda Xocalı soyqırımının qurbanları yad edilib

Osloda Xocalı soyqırımının qurbanları yad edilib backend

Norveçin paytaxtı Oslo şəhərində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar anım tədbiri və sərgi keçirilib.

 

Qaziler.az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “CAN” diaspor təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə baş tutan anım tədbirində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov, Türkiyə, Pakistan, Bosniya və Hersoqovina, Qazaxıstan və Şimali Makedoniyanın bu ölkədəki səfirləri, yerli ictimaiyyətin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. 

 

Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə çıxış edənlər bildiriblər ki, bu dəhşətli qətliam Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi olub. Vətən müharibəsinin gedişində Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi əsasında döyüş meydanından kənarda yerləşən Gəncənin, Bərdənin, digər şəhər və kəndlərimizin kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalarla hədəfə alınması faktını xatırladan natiqlər vurğulayıblar ki, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir.

 

Azərbaycan dövlətinin xalqımızın haqq səsinin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması naminə müvafiq addımlar atdığı, 2008-ci ildən bu fəaliyyətin “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət aldığı, nəticədə Xocalı soyqırımının bir sıra ölkələr tərəfindən tanındığı və faciəyə beynəlxalq siyasi qiymət verildiyi nəzərə çatdırılıb.

 

Xalqımızın bu hərbi cinayəti unutmadığı, Xocalı soyqırımına hüquqi qiymətin verilməsini və cəlladların cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdikləri vurğulanıb.

 

Tədbir çərçivəsində Xocalı soyqırımının dəhşətlərini əks etdirən və erməni faşizmini ifşa edən fotosərgi təşkil edilib. 23 fevral tarixindən başlayan sərgi martın 6-dək davam edəcək.

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

Diaspora