Londonda Xocalı soyqırımından bəhs edən tamaşa təqdim olunub

Londonda Xocalı soyqırımından bəhs edən tamaşa təqdim olunub backend

London şəhərində Debunk Teatrının Xocalı soyqırımının 30-cu ildönümünə həsr etdiyi tamaşa nümayiş etdirilib.

 

Qaziler.az bildirir ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı və London Azərbaycan Evinin dəstəyi, Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə Bedford küçəsində yerləşən Müqəddəs Pavel kilsəsində baş tutan tamaşanın təqdimat mərasimində Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin əməkdaşları, yerli ictimaiyyətin nümayəndələri və soydaşlarımız iştirak ediblər.

 

Tamaşa öncəsi çıxış edən Debunk Teatrının rəhbəri Sənan Əliyev, Azərbaycanın Birləşmiş Krallıqdakı fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyilə Xocalıda dinc azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətməsi barədə ətraflı məlumat veriblər.

 

İki gün (26-27 fevral) nümayiş etdirilən tamaşa 30 il öncə azərbaycanlıların hansı dəhşətli faciə ilə üzləşdiklərinə diqqəti cəlb edib. Tamaşanın ssenari müəllifi Nik Od (Nick Awde), rejissoru Viki Mirandır (Vicky Moran).

 

Əsər 1-5 mart 2022-ci il tarixində Union Teatrında nümayiş etdiriləcək.

 

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

Diaspora