MM Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Misir Parlamentlərarası Dostluq qrupunun üzvü Qənirə Paşayeva dostluq qrupunun rəhbəri Ceyhun Məmmədov, Nəfəs İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova və Fitoterapevtlər Cəmiyyətinin sədri Məlahət Qəhrəmanova ilə birgə Misirin Beynəlxalq Əməkdaşlıq naziri Rania Al-Mashat xanımla görüşüblər. Görüşdə ölkələrimiz arasında aparılan ikitərəfli münasibətlər barədə maraqlı fikir mübadiləsi aparılıb və ölkələrarası əlaqələrə töhfələr vermək mövzusunda təkliflər səsləndirilib. Azərbaycanla Misir arasında rəsmi və vətəndaş cəmiyyəti institutları xətti ilə baş tutan görüşlərin, o cümlədən ziyalılarımızın səmimi, etibarlı və getdikcə güclənən əlaqələrin, əməkdaşlığın sevindirici olduğu vurğulanıb.
Görüş zamanı xanım nazir Rania Al-Mashat komitə sədri Qənirə Paşayevanın müəllifi olduğu, bir müddət əvvəl təqdimatı keçirilən “Sirlər Dünyasına Səyahət - Misir” kitabını çox yüksək qiymətləndirib. Xanım nazir bu kimi addımlar iki dost ölkə arasında münasibətlərə müsbət təkan verən addımlardır deyib, təbrik və təşəkkürlərini bildirib. Millət vəkili Qənirə Paşayeva da hər iki ölkənin gənc nəsillərinin bir-birini daha yaxından tanımasının vacibliyini vurğulayıb. Özəlliklə Azərbaycan həqiqətlərinin Misirdə, Misir həqiqətlərinin
ölkəmizdə daha geniş yayılması, turizm sahəsində, mədəni-humanitar sahədə əməkdaşlığın daha da artmasının vacibliyini vurğulayıb. Ötən il Misirin Azərbaycanın dövlət müstəqilliyini tanımasının 30-cu ildönümü olduğunu xatırladan xanım Paşayeva bu ərəfədə, Azərbaycan-Misir parlamentlərarası işçi qrupunun üzvü olaraq belə bir kitabla çıxış etməkdən məmnun olduğunu bildirib. Söhbət zamanı Azərbaycan-Misir dostluğundan, Misirin ərəb ölkələrinin anası, dünya mədəniyyətinin beşiyi kimi tanınmasından söz açılıb və bu mövzuların “Sirlər Dünyasına Səyahət - Misir” kitabında ətraflı şərh olunduğu bildirilib.