Varşava Milli Filarmoniyasında Xocalı soyqırımından bəhs edilib - FOTO

Varşava Milli Filarmoniyasında Xocalı soyqırımından bəhs edilib -  FOTO backend

Varşava Milli Filarmoniyasında Xocalı soyqırımının 30-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Polşa Azərbaycanlıları Şurasının və ölkəmizin Polşadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edənlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etdiyi və dinc azərbaycanlıları misli görünməmiş qəddarlıqla qətlə yetirdiyi barədə ətraflı məlumat veriblər. Xocalı soyqırımı zamanı qətlə yetirilən uşaqların adları sadalanıb, erməni cəlladlarının onların xəyallarına və həyatlarına soyuq fevral gecəsində birdəfəlik son qoyduqları nəzərə çatdırılıb. 

Qeyd edilib ki, Azərbaycan dövləti xalqımızın haqq səsinin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərib, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Nəticədə bəzi ölkələr tərəfindən bəşəri dəyərlərin, beynəlxalq hüquq normaları və prinsiplərinin kobudcasına pozulması ilə müşayiət olunan bu dəhşətli soyqırıma rəsmi olaraq siyasi qiymət verilib. Lakin indiyədək beynəlxalq səviyyədə XX əsrdə törədilmiş ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımına hüquqi qiymət verilməyib və cinayətkarlar məsuliyyətə cəlb olunmayıb. 

Sonra Azərbaycan Dövlət Pantomima Teatrının aktyorlarının ifasında “Xocalı – bu olub” adlı tamaşası təqdim olunub. Xocalı soyqırımının dəhşətlərinin pantomima dili ilə çatdırılması polyak tamaşaçılarına çox böyük təsir göstərib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə dünyanın 40 ölkəsində Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar 150-yə yaxın tədbirin keçirilməsi nəzərdə tutulur.

Diaspora