İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi backend

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb. 

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

 

“Ad gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Sizin müdrik və uzaqgörən rəhbərliyiniz ilə qardaş Türkiyə Respublikası bu gün bütün sahələrdə mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə söz sahibi olmuş və böyük nüfuz qazanmış güclü və qüdrətli dövlətdir. Qətiyyətli liderliyiniz və çoxşaxəli fəaliyyətiniz sayəsində ölkənizin keçdiyi hərtərəfli inkişaf yolu, imza atdığı uğurları bizi səmimi-qəlbdən sevindirir və ruhlandırır.

Xalqlarımızın sarsılmaz iradəsindən qaynaqlanan və “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü ali səviyyəyə yüksəlməsində Sizin əvəzsiz rolunuz vardır. Birliyimizin və müttəfiqliyimizin möhkəmləndirilməsi yolunda davamlı səyləriniz, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi işinə verdiyiniz daimi dəstək ölkəmizdə Sizə dərin hörmət və ehtiram qazandırmışdır.

Fürsətdən istifadə edərək tarixi əhəmiyyət daşıyan Şuşa Bəyannaməsinin təsdiq edilməsi münasibətilə məmnunluğumu ifadə edirəm. Bu sənəd Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətlərində yeni səhifə açır, regionda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə verir. Biz qardaş Türkiyə ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı və səmərəli fəaliyyətimizi bundan sonra da birgə səylərimizlə genişləndirmək və şaxələndirmək əzmindəyik.

Əziz Qardaşım,

Sizə Allahdan möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə məsul fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm”.

Diaspora