Vyanada Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri təşkil edilib

Vyanada Xocalı soyqırımı ilə əlaqədar anım tədbiri təşkil edilib backend

Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Avstriyadakı səfirliyinin iştirakı və Azərbaycan Akademik Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə ölkəmizin Dövlət Himni səsləndirilib və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib.

 

Tədbirdə Azərbaycan Akademik Birliyinin sədri Kamal Əkbərov, Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Milli Məclisin deputatı Azay Quliyev, Azərbaycan Akademik Birliyinin fəxri sədri Tofiq Mürşüdlü, Srebrennitsa-Potoçari Memorial Mərkəzinin direktor müavini Amra Begiç Fazliç, Avstriyadakı Bosniya və Herseqovina icmasının üzvü Armin Pyevlyakoviç, “Erməni təcavüzünün tanıdılması” İctimai Birliyinin sədri, yazıçı-publisist Səriyyə Müslümqızı çıxış ediblər. Natiqlər bu dəhşətli qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi kimi qiymətləndiriblər. Həmin gecə Xocalı sakinlərinin məhz azərbaycanlı olduqlarına görə soyqırıma məruz qaldıqları, xalqımızın Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi qiymət verilməsini və bu dəhşətli faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını tələb etdiyi, bu addımın davamlı sülhün, qarşılıqlı etimadın təmin edilməsi baxımından vacib olduğu nəzərə çatdırılıb.

 

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Vətən müharibəsində Azərbaycanın qüdrətli dövlət olduğunu tarixə yazdığını vurğulayan S.Müslümqızı bildirib ki, tezliklə doğulduğu Xocalıya, öz doğma yurduna geri dönəcəyinə inanır. Xocalıda qətlə yetirilmiş uşaqların xatirəsinə ithaf olunmuş “Onlar heç zaman böyüməyəcəklər“ kitabının alman dilində nəşrinin Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədinə xidmət etdiyini vurğulayıb. 

 

Sonra azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadənin rəhbərliyi ilə Vyana Şəhər Orkestrinin ifasında klassik konsert proqramı təqdim olunub. Konsert zamanı Azərbaycan və Avropa bəstəkarlarının əsərləri, eləcə də Abuzər Manafzadənin “Xocalıya“ və Aria Esmaeli Torkanbourinin “Qarabağ marşı” ifa olunub. Solistlər Karen Danger-Manafzadə, Mərziyyə Hüseynova, Orxan Cəlilov və Umut Kayanın çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Diaspora