Avronest Parlament Assambleyasının iclasında iştirak edən Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun İrəvana səfəri başa çatıb.
Qaziler.az xəbər verir ki, bu barədə Tahir Mirkişili feysbuk səhifəsində məlumat verib.
T.Mirkişili bildirib ki, çətin və mürəkkəb bir səfər idi. Xeyli təhlükəsizlik və psixoloji məsələlər var idi.
"Amma bütün çətinliklərə baxmayaraq calışdıq ki, qalib ölkəmizi İrəvanda layiqincə, qalib formasında təmsil edək. Şəhidlərimizin müqəddəs qanı hesabına, Müzəffər Ali Baş Komandanımızın dəmir yumruğu, xalqımızın iradəsi və dəyanəti hesabında əldə etdiyimiz qələbəyə zərər gətirəcək hər hansı hərəkətə yol verməyək. Parlament diplomatiyası çərçivəsində nə bacardıqsa onu da etdik. Əminəm ki, bizdən sonra İrəvana səfər edənlər bizdən daha yaxşısını edəcəklər.
Qısa olaraq aşağıdakıları qeyd etmək istərdim: Ermənistan cəmiyyətinin müxtəlif nümayəndələri ilə, restoranda xidmətçiləri, mühafizəçilər, deputatlar, spiker, baş nazir ilə müzakirələr aparmaq şansımız oldu. Etiraf etmək lazımdır ki, onlar üçün yeni reallıqları qəbul etmək çətindir. Amma onlar bu mərhələni aşmaq, Azərbaycan ilə sülh şəraitində yaşamaq, kommunikasiyaları açmaq, müharibənin bir də olmamasını istəyirlər. Düşünürəm ki, cəmiyyətin böyük bir hissəsi belə düşünür.
Digər tərəfdən, aqressiv olan, millətçilərdən ibarət bir kəsim də var ki, onlar azərbaycanlılarla ünsiyyət qurmağı belə qəbul etmirlər. Hesab edirəm ki, bu kəsimdə də həmişə olacaq. Biz bunu hər zaman nəzərə almalıyıq.
Reallıq bundan ibarətdir ki, biz regionun ən güclü və ən aparıcı ölkəsiyik. Bizim Prezidentimiz dünya şöhrətli, güclü və ağıllı bir siyasətçidir. Dövlətimiz çox güclüdür. Cəmiyyətimiz kifayət qədər həmrəydir. Bütün bu üstüslüklərdən istifadə edərək, biz Ermənistanla sülh şəraitində yaşamağa cəhd edirik, və bunu onlar da doğru olaraq anlayırlar və pozitiv mesaj kimi qəbul edirlər. Bizim səfərimiz də bu fikrin onlarda, yəni sağlam kəsimdə formalaşmasında müsbət rol oynadı.
Amma eyni zamanda, revanşist, millətçi qüvvələrə qarşı sərt cavab verməyə də həmişə hazır olmalıyıq, bizim güclü dövlət olaraq sərt cavabımız həm də Ermənistandakı sağlam qüvvələrin ümidinə çevriləcəkdir.
Yekun olaraq, biz İrəvana Müzəffər Ali Baş Komandanımıza, güclü dövlətimizə güvənərək getmişdik, biz bu güvəni, dəstəyi hər an orda hiss etdik. Milli Məclisin rəhbəri Sahibə xanımın daim bizimlə təmasda olması, sanki onun bizlə orda bir yerdə olması təəssüratı yaradırdı. Bütün bunlar isə, bizə lazımı dərəcədə özümüzə əmin olmağa, dövlətimizin və xalqımızın marağını istənilən situasiyada qorumağa, ən çətin şəraitdə belə cəsarətlə həqiqətləri deməyə imkan yaradırdı. Bu dəstəyə görə Ali Rəhbərliyimizə, Milli Məclis rəhbərinə, dövlət rəsmilərimizə öz dərin minnətdarlığımızı bildiririk!
Eyni zamanda, media nümayəndələrinə, sosial şəbəkərlərdə dəstək materialları və şərhləri yazan bütün hər kəsə təşəkkür edirik! Bu bizim üçün qeyri-standard şəraitdə adi bir işgüzar səfər idi, əminəm ki, bundan sonra belə səfərlər çox olacaqdır.
Yaşasın qəhrəman xalqımız, Müzəffər Ali Komandanımız, rəşadətli əsgərlərimiz!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!", - deyə o bildirib.