Monteneqronun paytaxtı Podqoritsa şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar məlumatlandırma aksiyasına start verilib.
Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin təşkilatçılığı ilə paytaxtın izdihamlı mərkəzi küçələrindəki elektron lövhələrdə Xocalı soyqırımı həqiqətlərini əks etdirən məlumat yerləşdirilib. Məlumatda Azərbaycana qarşı törədilmiş amansız soyqırımda 613 nəfərin (arasında 63 uşaq, 106 qadın, 70 qoca olmaqla) vəhşicəsinə qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 25 uşağın hər iki valideynini itirdiyi, 130 uşağın valideynlərindən birini itirdiyi, arasında 76 uşaq olmaqla 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü və 150 nəfərin itkin düşdüyü nəzərə çatdırılıb. Lövhədə www.justiceforkhojaly.org, www.xocali.me və www.khojaly.me internet səhifələrinə keçidlər göstərilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlamış “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində baş tutan aksiya 1 mart 2022-ci il tarixinə qədər davam edəcək.