Avronest Parlament Assambleyasının iclasında iştirak etmək üçün İrəvana səfər edən Milli Məclisin komitə sədri Tahir Mirkişili açıqlama verib.
Qaziler.az xəbər verir ki, Azərbaycanlı nümayəndə heyətinin Ermənistana səfərinə etiraz olaraq keçirilən aksiya barədə Musavat.com-a danışan komitə sədri bildirib ki, hazırda oteldədir və hər şey qaydasındadır.
T.Mirkişili deyib ki, həmkarı Soltan Məmmədov və Milli Məclisin beynəlxalq şöbəsindən bir əməkdaşla bərabər İrəvandadırlar və onların təhlükəsizliyi qorunur:
“Avronest təhlükəsizlik təminatı verib, tək Azərbaycana deyil, bütün iştirakçılara. Qorunma yaxşıdır, etibarlıdır. Həm qarşılanmada, həm yolda, həm də oteldə hər şey qaydasındadır”.
“Zvartnost” hava limanının əsas yolunda keçirilən aksiyaya gəldikdə, komitə sədri bildirib: “Biz gördük, sadəcə yaxşı qoruma sistemi ilə təmin olunduğumuza görə yan keçdik, otelə gəldik”.
T.Mirkişili deyib ki, ilk dəfədir İrəvan şəhərindədir və geri dönəndən sonra səfər barədə ətraflı danışmaq imkanı olacaq.