ABŞ-ın Florida ştatının Hallandeyl Biç şəhər meri Coy Kuper Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyannamə imzalayıb.
“Report” xəbər verir ki, Azərbaycan icmasına ünvanlanmış bəyannamədə deyilir ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüz və etnik təmizləmə siyasəti çərçivəsində erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda qətliam törədiblər. İşğal edilmiş şəhəri tərk etməyə çalışan dinc əhali qırğına məruz qalıb. Nəticədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca erməni hərbçiləri tərəfindən qətlə yetirilib. Bəzi ekspertlər Xocalı faciəsini “Azərbaycan Srebrenitsası” adlandırırlar.
Sənəddə həmçinin vurğulanır ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edib. Azərbaycanın ərazi bütövlüyünün BMT Baş Assambleyası, Avropa Parlamenti, AŞPA, ATƏT, ABŞ Dövlət Departamenti və Ağ Ev tərəfindən dəstəklənməsi xüsusi qeyd olunur.
Coy Kuper bəyannaməni Florida-Azərbaycan Cəmiyyətinin rəhbəri Esmira Bayramovaya təqdim edib.