Fevralın 12-də Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Azərbaycanlıları Radasının (UAR) növbəti – II Hesabat-seçki Qurultayı keçirilib.
Qurultayda Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) nümayəndələri, Ukraynanın müxtəlif regionlarından gəlmiş 200 nəfərə yaxın təmsilçi, Ukraynanın dövlət rəsmiləri, deputatlar, jurnalistlər və digər qonaqlar iştirak edib.
Tədbirdən əvvəl Qurultay nümayəndələri ulu öndər Heydər Əliyevin Kiyevdəki abidəsini ziyarət edib və qarşısına tər çiçəklər düzüblər. Sonra Azərbaycan və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsi ilə işinə başlayan Qurultayda Azərbaycan torpaqlarının azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
UAR-ın Baş katibi Ceyhun Məmmədovun moderatorluğu ilə keçirilən Qurultayda DİDK-nın sədr müavini Vaqif Seyidbəyov çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı zəfərimizdən sonra diasporumuzun fəaliyyətində yeni bir mərhələ başladığını qeyd edib. O, DİDK-nın fəaliyyəti – Koordinasiya Şuraları, Azərbaycan Evləri, Qarabağ məktəbləri, gənclərlə iş istiqamətində həyata keçirilən layihələr və s. barədə məlumat verib, diasporumuzu daha da inkişaf etdirmək, onun fəaliyyətini gücləndirmək üçün birlik və həmrəyliyimizi daha da möhkəmləndirməyin vacibliyini bildirib.
Dövlət Komitəsinin fəaliyyətini əks etdirən qısa videoçarxın nümayişindən sonra çıxış edən Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə formalaşan Azərbaycan diasporunun bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdiyini qeyd edib. UAR-ın fəaliyyətini yüksək qiymətləndirən səfirlik nümayəndəsi təşkilatın tarixi Vətənimiz Azərbaycan və dövlətimiz üçün əlindən gələni etdiyini vurğulayıb.
Ukrayna Ali Radasının deputatı Maryan Zablotskiy Ukraynada yaşayan azərbaycanlıların, sadəcə, Azərbaycan diasporu deyil, Ukraynanın bir parçası olduğunu, onların vətənpərvərliyini xüsusi vurğulayıb.
Ukraynanın Etnosiyasət və vicdan azadlığı Dövlət Xidmətinin rəhbəri Yelena Boqdan Ukrayna cəmiyyətinə verdiyi töhfələrə, ölkənin ərazi bütövlüyünün qorunmasına göstərdiyi dəstəyə görə Azərbaycan diasporuna təşəkkür edib.
İrpin şəhər merinin müavini İrina Petrova Azərbaycan diasporu ilə qarşılıqlı əməkdaşlığın ildən-ilə inkişaf etdiyini, İrpində Zərifə Əliyeva Parkının açılmasını, ən yaxşı məktəblərdən birinə Zərifə Əliyevanın adının verilməsini bu əməkdaşlığın bariz nümunəsi kimi göstərib. Qarşılıqlı münasibətlərin möhkəmlənməsinə, İrpin şəhərinin inkişafına verdiyi töhfələrə görə Azərbaycan diasporunun bir qrup üzvü xüsusi diplomla mükafatlandırılıb.
UAR-ın Baş katibi Ceyhun Məmmədovun təşkilatın 3 illik fəaliyyətinə dair hesabat çıxışından sonra videoçarx təqdim olunub.
Daha sonra çıxış edən UAR həmsədrləri Oleq Krapivin və Hikmət Cavadov Qurultay iştirakçılarına qurumun fəaliyyətinə göstərdiyi dəstəyə və tədbirə qatıldıqlarına görə təşəkkür edib, Qarabağ Zəfərindən sonra yeni mərhələdə diasporumuzun qarşısında açılan hədəflərə nail olmaq üçün birliyimizi möhkəmləndirməyin, hər bir azərbaycanlının, o cümlədən iş adamları və ziyalıların hüquqlarının qorunmasının vacibliyini qeyd ediblər.
Çıxışlardan sonra Ukrayna Azərbaycanlıları Radasında təmsil olunmaq üçün müraciət edən 23 təşkilatla UAR arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb.
Diaspor rəhbərləri Murad Ömərov, Eldar Tağıyev, Şakir Yəhyayev və başqaları çıxış edərək, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun birlik və həmrəylik təşəbbüslərini təşkilatların dəstəkləməsini, bu gün daha 23 təşkilatın UAR-la əməkdaşlığa başlamasını alqışlayıblar.
Sonda səsvermə yolu ilə təşkilatın Əsasnaməsinə edilən dəyişikliyə uyğun olaraq İdarə Heyətinin tərkibi genişləndirilib və yeni üzvlər seçilib. Daha sonra İH-nin üzvləri Ceyhun Məmmədovu UAR-ın icraçı direktoru seçib. Bundan başqa, təşkilatın tərkibində Ziyalılar, Gənclər və İş Adamları şuraları yaradılıb, onların üzvləri müəyyənləşdirilib. Bundan başqa, UAR-ın loqosunun dəyişdirilməsi ilə bağlı təkliflər irəli sürülüb və yekdilliklə qəbul olunub.
Sonda UAR-ın II Qurultayının Bəyanatı oxunub və Qurultay iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub.
Ukrayna Azərbaycanlıları Radasının II Qurultayı incəsənət ustalarının iştirak etdiyi ziyafətlə yekunlaşıb.
Qurultay yerli mediada geniş işıqlandırılıb.