Rusiya və Ukrayna arasında artan gərginliklə bağlı məqalə dərc edən “France 24” Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tərəflər arasında vasitəçilik səylərinə də toxunub.
Qaziler.az Teleqraf.com-a istinadən xəbər verir ki, məqalədə Kiyevə səfər edən Ərdoğanın mümkün müharibənin qarşısını alacağına ümid dilə gətirilib.
Təhlildə Rusiya tərəfinin də Türkiyə liderinin yüksək profilli səylərini dəstəkləndiyi qeyd edilib: “Bu axtarış potensial olaraq böyük nəticələrə malikdir”.
Məqalədə Türkiyə və Ərdoğanın səyləri nəticə verərsə, onun NATO-dakı xüsusi çəkisinin artacağı, belə bir durumda ABŞ-ın da Türkiyə ilə münasibətlərinə müsbət baxacağı bildirilib.
Fransız ekspertlər Ərdoğanın Putinlə spesifik rəqabətli, amma dialoqa əsaslanan münasibət qurduğunu deyiblər və bunu Türkiyənin NATO-dakı statusunu yüksəltmək imkanı kimi qiymətləndiriblər.
2015-ci ildəki təyyarə böhranı ilə başlayan təhlildə son illərdə Türkiyə-Rusiya münasibətlərində yaşanan çətinliklərə də toxunulub və iki ölkə arasında ən açıq gərginliyin Kiyevin əlində olan türk PUA-ları olduğu bildirilib. Bu “Bayraktar” dronlarının Ukraynanın şərqindəki Rusiyanın dəstəklədiyi separatçı qüvvələr və Kreml üçün xüsusi narahatlıq doğurduğu vurğulanıb.
Təhlildə Luqansk separatçılarının lideri Denis Puşilinin “İlk növbədə “Bayraktar” PUA-larını dayandırmalıyıq” açıqlamasına da yer alıb.
Türk dronlarının Liviya, Suriya və Azərbaycan (Qarabağ) müharibələrindəki roluna da diqqət çəkilib.
Fransız şərqşünas Aron Ştayn bildirib ki, ölkənin şərqindəki separatçı qüvvələr Ukrayna ordusunun arsenalındakı “Bayraktar” dronları ilə üz-üzə gəlsələr, güc tarazlığı dəyişə bilər.