Bu gün Türkiyə parlamentində Azərbaycanla münasibətlər, ən əsası Şuşa bəyannaməsi müzakirəyə çıxarılıb və ratifikasiya edilib.
Türkiyənin Cümhuriyyət Xalq Partiyasını (CHP) təmsil edən millət vəkili Aykut Ərdoğdu sosial şəbəkədə Azərbaycan Türkiyə münasibətlərinə kölgə salacaq bəzi iddialar səsləndirib. Deputat Azərbaycan və Türkiyə əlaqələrində bir sıra qaranlıq məqamların olduğunu iddia edib.
CHP nümayəndəsinin məhz Şuşa bəyannaməsi kimi tarixi bir sənədin ratifikasiyası müzakirə edilərkən bu cür çıxış etməsi hansısa xarici qüvvələrin təsiri olduğunu gündəmə gətirib. Aykut Ərdoğdunun Azərbaycan və Türkiyənin münasibətlərinə kölgə salmaq istəyənlərin marağından çıxış etdiyi, sifariş həyata keçirdiyi ortaya atılıb.
İki ölkənin əlaqələrinə kölgə salmaq cəhdləri qəbul edilməzdir...
Azərbaycanda “V kolon” anlayışı və bu qüvvələrin fəaliyyəti sıradan çıxarılsa da, Türkiyədə məsələ hələ də öz aktuallığını qoruyur. Və təəssüf ki, biz bunun təsirlərini təkcə Türkiyənin daxili siyasətində, öz içərisində olan proseslərdə deyil, qardaş ölkələr arasındakı əlaqələrə münasibətdə də görürük. Bu əlaqələri gözdən salmaq istəyənlər Azərbaycanda özünə dayaq tapa bilmədiyindən Türkiyədə fəaliyyət göstərən bəzi müxalif qüvvələrdən dəstək almağa çalışır.
Mövzu ilə bağlı Modern.az-a danışan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Azərbaycan Türkiyə münasibətlərinin bütün dünya dövlətləri üçün örnək olduğunu vurğulayıb.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan və Türkiyə qədər səmimi dostluq, qardaşlıq nümunəsi olan dövlətlər dünyanın heç bir yerində yoxdur:
“Müstəqilliyimiz dövründə ilk dəfə qardaş Türkiyə ilə müttəfiqliyi əks etdirən tarixi Şuşa bəyannaməsi imzalandı. Azərbaycan parlamenti tərəfindən bu sənəd ratifikasiya olundu, deputatların alqışları ilə qarşılandı. Bu bəyannamə Azərbaycan cəmiyyətində qardaş Türkiyə ilə hərtərəfli əlaqələrin, müttəfiqlik münasibətlərinin inkişafının nə dərəcədə vacib qarşılandığını göstərdi. Azərbaycan və Türkiyə arasında münasibətlər çox mühüm prinsiplərə söykənir, dialoq əsasında tənzimlənir. Dünya üçün bu unikal örnəkdir, təhlükəsizliyin etibarlı təmin olunmasının alternativsiz yoludur. Hər iki dövlət də məhz dialoqu təbliğ edir.
Münasibətlər təkcə Azərbaycan və Türkiyənin qarşılıqlı maraqlarına deyil, bütövlükdə dünyanın təhlükəsizlik, əməkdaşlıq prinsiplərinə cavab verir. Ona görə heç bir halda iki ölkə arasında münasibətlərə xələl gətirəcək, ləkə salacaq mövqe sərgilənməsi düzgün deyil. Bu, həqiqətdən, obyektivlikdən olduqca uzaqdır. Hesab edirəm ki, öz dövlətinə, xalqına, bütövlükdə türk dünyasına xor baxmaqdır, qarşı gəlməkdir. Bu baxımdan Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərini özündə əks etdirən sənədin müzakirəsi zamanı iki ölkənin əlaqələrinə kölgə salmaq cəhdləri qəbul edilməzdir. Bu şiddətlə qınanılmalıdır”.
Azərbaycan və Türkiyənin tamamilə müstəqil siyasət yeritdiyini diqqətə çatdıran Elşad Mirbəşir oğlu xüsusilə, Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin regional gücə çevrildiyini söyləyib. O qeyd edib ki, kənar dairələrdən asılı olmadan rəsmi Ankaranın milli mənafeyinə uyğun, müstəqil siyasət yeritməsi qərb dairələrini narahat edir:
CHP-li deputat Atatürkə qarşı çıxır...
“Türkiyə parlamentli respublikadan prezidentli respublikaya keçid etdikdə Qərbdən çox sərt təzyiqlər göstərilirdi. Halbuki bu, Türkiyənin öz daxili işidir, Qərbin qarışması qanuni deyil. Həmin müdaxilənin səbəbi çox aydındır. Parlamentli respublika olduğu zaman qərbin təsir etmək imkanı olan bir sıra partiyalar dövlətin xarici siyasətinə, mövqeyinə qarşı çıxırlar. Çünki icra hakimiyyəti parlamentə tabe olmalıdır. Ona görə, Qərb parlamentli Türkiyəni əldən vermək istəmirdi. Prezidentli respublika Türkiyənin bu cür amillərin təsirindən qurtulmasının yeganə yolu idi. Referendum vasitəsilə xalq da məhz buna qərar verdi.
Bu gün bəlli dairələri ən çox narahat edən iki ölkə arasındakı münasibətlərdir. Çünki Cənubi Qafqaz regionunun siyasi xəritəsi iki dövlətin sayəsində dəyişməkdədir. Digər tərəfdən,Rusiyanın da maraqları bu mövqeyə uyğundur. Sözügedən tərəfdaşlığı zəiflətməyə çalışan qüvvələr var və öz təsiri altında olan subyektlər vasitəsi ilə münasibətlərə ləkə salmağa çalışır.
Azərbaycan-Türkiyə müttəfiqliyi haqqında yolverilməz mövqe sərgiləyən deputat Ərdoğdu bütövlükdə CHP-nin yaradıcısı olan Mustafa Kamal Atatürkə qarşıdır. Çünki Atatürk də vaxtilə Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir demişdi. Azərbaycan xalqı və dövləti türkiyəlilər üçün doğmadır və bu doğmalığı hər bir türk uca tutur. Azərbaycanın Türkiyəyə münasibəti də eyni şəkildədir. Bu birliyin gücünün göstəricisi isə bəlli dairələri narahat edir”.
Ərdoğdunun iddiaları həqiqəti əks etdirmir...
Deputat Vahid Əhmədov isə Şuşa Bəyannaməsinin ratifikasiyasınin tarixi hadisə olduğunu düşünür. Onun fikrincə, bu, Azərbaycanın suverenliyinin qorunub saxlanması, rəsmi Bakı və Ankaranın bütün sahələrdə bir-birinə dəstək ola bilməsi üçün önəmli sənəddir:
“CHP Türkiyədə hazırda müxalifət partiyasıdır. Aykut Ərdoğdu müxalifət partiyasının üzvüdür. Amma kim olmasından, hansı partiyanı təmsil etməsindən asılı olmayaraq, belə bir bəyannaməyə xələl gətirə bilməz. Lakin mən inanıram ki, bu məsələnin ortaya atılması xarici ölkələrin sifarişidir. Və bu, o demək deyil ki, Ərdoğdunun iddiaları həqiqəti əks etdirir.
Mən türkiyəli həmkarıma tövsiyə edərdim ki, Azərbaycan Türkiyə münasibətlərinə xələl gətirə biləcək məsələlərlə bağlı müzakirə açmasın, buna həmişə müsbət yanaşsın. Çünki iki dövlət qardaşdır. Xüsusilə, prezidentlərimiz arasındakı möhkəm dostluq, Türk dövlətləri təşkilatının yaradılması heç də bütün ölkələr tərəfindən xoş qarşılanmır. Onsuz da bizə xaricdən təzyiqlər var, lazımdır ki, indiki məqamda daxildə birlik olsun və heç bir problemimiz yaranmasın”.