“Qərb Ukraynanı NATO-ya sürükləmək istəyir, lakin bu, alyansın təhlükəsizliyini gücləndirməyəcək, əksinə, Qərblə Rusiya arasında münasibətlərə xələl gətirəcək”.
APA bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin Birinci televiziya Kanalının “Bazar vaxtı” verilişində deyib.
Lavrov deyib ki, hər dəfə məlum olur ki, onların (NATO ölkələri) müdafiə etməli olduqları xətt şərqə doğru dəyişir:
“İndi o, Ukraynaya yaxınlaşıb. Onlar da bu ölkəni ora sürükləmək istəyirlər.
Baxmayaraq ki, hər kəsə aydındır ki, Ukrayna NATO-nun təhlükəsizliyinin möhkəmləndirilməsinə hazır deyil və heç bir töhfə verməyəcək”.
Lavrov eyni verilişdə bildirib ki, Rusiya NATO və ATƏT-ə təhlükəsizliyi başqalarının təhlükəsizliyi hesabına gücləndirməmək öhdəliyinə aydınlıq gətirmək üçün sorğu göndərəcək:
“Bu gün biz Xarici İşlər Nazirliyi vasitəsilə Alyans və ATƏT ölkələrindəki həmkarlarımıza rəsmi sorğu göndəririk ki, öz təhlükəsizliyini başqalarının təhlükəsizliyi hesabına gücləndirməmək öhdəliyini necə yerinə yetirmək niyyətində olduqlarını izah etsinlər”. Əgər belə niyyətləri yoxdursa, bunun səbəbini izah etsinlər”.
Rusiyanın xarici işlər naziri qeyd edib ki, NATO və ATƏT-in sorğuya cavabı gələcək təkliflərin müəyyən edilməsində əsas məsələ olacaq və bu barədə Rusiya prezidenti Vladimir Putinə məruzə olunacaq.