Artıq xəbər verdiyimiz kimi, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də tutduğu vəzifədən istefa verdiyini açıqlayıb.
O, bu qərarını ölkənin xarici və daxili proseslərinə təsir etmək səlahiyyətinə malik olmaması ilə əlaqələndirib.
Hazırda Ermənistan mətbuatında 68 yaşlı siyasətçi ilə əlaqədar müxtəlif araşdırma yazıları dərc edilir.
Ermənistan mətbuatı yazır ki, iki gün əvvəl istefa vermiş Ermənistan prezidenti Armen Sarkisyanın başqa ölkə vətəndaşlığı da var.
Aparılan araşdırmada nəticəsində Armen Sarkisyanın Karib hövzəsindəki kiçik Sent-Kits və Nevis Federasiyasının vətəndaşı olması aşkarlanıb.
“A.Sarkisyan öz bəyanatında istefanın bir neçə səbəbini qeyd edib, lakin onların əsl səbəblərlə çox az əlaqəsi var. Onun vəzifədən getməsinin əsl səbəbi ən azı prezident seçilənə qədər başqa ölkənin vətəndaşlığının olması imiş”, - mətbuatda dərc edilən qalmaqallı araşdırmada qeyd edilir.
Yazıda o da vurğulanır ki, daha əvvəl Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsinin (OCCRP) əməkdaşları prezident Armen Sarkisyana başqa ölkənin vətəndaşlığı ilə bağlı sorğu göndərəndə o, sübut istəyib və sorğunu cavablandırmaqdan imtina edib.
Məlumat üçün qeyd edək ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (Organized Crime and Corruption Reporting Project) 2006-cı ildə qurulan və Şərqi Avropa, Qafqaz, Mərkəzi Asiya və Mərkəzi Amerikada fəaliyyət göstərən araşdırma mərkəzləri, media və jurnalistlərin konsorsiumudur.
Araşdırma aparan mətbu orqanın sorğusuna cavab verən Armen Sarkisyan uzun illər əvvəl Sent-Kits və Nevis Federasiyasına hotel biznesinə sərmayə qoyduğunu, bundan sonra səhm payını ailəsinin bir üzvünə verdiyini etiraf edib, amma guya 2013-cü ildə Səudiyyə Ərəbistanında səfir təyin olunmazdan əvvəl vətəndaşlıqdan imtina barədə müraciət edib.
Lakin 2017-ci ildə o, Ermənistan Respublikasının prezidenti postunu tutmaq təklifi alanda yuxarıda qeyd olunan müraciətin yerinə yetirilmədiyi üzə çıxıb.
Bundan əlavə, A.Sarkisyanın vətəndaşlıq məsələsini həll etməli olan şəxs də ölüb və proses yarımçıq qalıb.
“Belə çıxır ki, A. Sarkisyan prezident seçilməzdən bir müddət əvvəl ada dövlətinin vətəndaşlığından imtina etməyib. Bu isə o deməkdir ki, o, bu vəzifəyə seçilə bilməzdi. Bütün fərmanlar, o cümlədən qanunlar, təyinatlar, seçkilər qanunsuzdur. Sabiq prezident böyük ehtimalla Ermənistana qayıtmayacaq, çünki saxtakarlıq zəminində cinayət təqibi ilə üzləşə bilər” – nəşr yazıb.
Mənbə: Hetq.am