Rusiya Kommunist Partiyasının Dövlət Dumasına “Donetsk xalq respublikasını” və “Luqansk xalq respublikasını” tanımasını təklif edib. Rusiya kommunistləri parlamentin “tanınma” təklifiylə Rusiya prezidentinə müraciət qəbul edilməsini təklif ediblər.
Qaziler.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı feysbuk səhifəsində bildirib. O qeyd edib ki, əslində Kreml separatçıları çoxdan tanıyıb.
“Birincisi, Rusiyanın hərbi dəstəyi olmadan separatçılar bölgəni işğal edə bilməzdilər. İkincisi, bölgənin iqtisadiyyatı Rusiyanın müvafiq qurumları tərəfindən idarə olunur. Üçüncüsü, Kreml separatçıların nəzarət etdiyi bölgələrdə yaşayanlara Rusiya pasportları paylayıb”, - deyə politoloq bildirib.
O vurğulayıb ki, Kreml iki mərhələdə məsələni öz xeyrinə həll etməyi planlaşdırır:
“Birinci mərhələdə separatçıları rəsmən tanıyacaqlar, ikinci mərhələdə isə 2014-cü ildə Krımda olduğu kimi Donetskdə və Luqanskda “referendum” keçirib bölgəni Rusiyaya birləşdirəcəklər. Bu Putinin Ukrayna ilə bağlı minimum planıdır. Maksimum plan isə “Novorossiyadır”, yəni Ukraynanın tən yarısının qopardılmasıdır”.