Türkiyə Böyük Millət Məclisində (TBMM) 20 Yanvar şəhidləri yad edilib.
APA-nın yerli bürosu xəbərinə görə, deputat Şamil Ayrım 20 Yanvar günü ilə bağlı növbədənkənar çıxış edib.
Deputat qeyd edib ki, o gün Türk dünyasının yaşadığı və heç vaxt unutmayacağı ən ağrılı günlərdən biridir: “Yaşanan bu ağrı təkcə Azərbaycanın dərdi deyil, bu ağrını təkcə azərbaycanlılar hiss etmir, biz də bunu dərindən hiss edirik. 20 Yanvar Azərbaycanın müstəqillik yolunda dönüş nöqtələrindən biridir. Qara Yanvar hadisəsi azərbaycanlı qardaşlarımız üçün günəş doğmadan əvvəl ən qaranlıq məqam oldu. Bu haqsız işğal Azərbaycan xalqının müstəqillik ruhunu heç vaxt məhv etməyib. Əslində bununla Azərbaycan xalqı müstəqillik yolunda bir addım da geri çəkilməyəcəyini bütün dünyaya nümayiş etdirdi”.
Onun sözlərinə görə, Qərb dünyası o zaman indi olduğu kimi insanlığın ayıbına biganə qaldı və hətta Mixail Qorbaçova Nobel Sülh Mükafatına verməklə əslində bu qırğını mükafatlandırdı: “20 Yanvardan sonra ürəklərdə alovlanan müstəqillik odu heç bir vaxt sönmədi və 2020-ci ildə 30 ildir işğal altında olan torpaqlar geri qaytarıldı. Azərbaycan dövləti öz müstəqilliyini bərpa edərək günü-gündən irəlilədi və artıq hamımızın qürurla müzakirə etdiyi Azərbaycana çevrildi”.