Xarici işlər naziri Ceyhun Bayramov Vyanaya işgüzar səfəri çərçivəsində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tərəflər qarşılıqlı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, hazırkı əməkdaşlıq məsələləri və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin qlobal nüvə silahının yayılmaması rejimində əhəmiyyətindən bəhs edib, Agentliyin bu sahədə roluna toxunub. Yayılmama və nüvə enerjisinin dinc məqsədlərlə istifadəsində AEBA verifikasiya sisteminin əhəmiyyətinə toxunan nazir Bayramov, Azərbaycanın nüvə təhlükəsizliyinin qorunmasına və daha da möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyini və bu xüsusda beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində bütün səyləri dəstəklədiyini bildirib
Nazir həmçinin nüvə təhlükəsizliyi qaydaları və standartlarının işlənib hazırlanmasında Agentliyin əsas rol oynadığını nəzərə alaraq və yüksək qiymətləndirərək, Azərbaycanın möhkəm qanunvericilik bazasına malik hərtərəfli milli ixraca nəzarət sistemi yaratdığnı qeyd edib.
Agentliyin texniki əməkdaşlıq fəaliyyətlərinin həyata keçirilməsində göstərdiyi davamlı səylər təqdir edilib. Azərbaycanın AEBA ilə son illər tibb sahəsində xərçənglə mübarizə, kənd təsərrüfatında pambıqçılıqda məhsuldarlığın artırılması ilə bağlı layihələr çərçivəsində əməkdaşlığından bəhs edilib, ətraf mühit sahəsində də əməkdaşlıqda maraqlı olduğumuz ifadə edilib.
Ermənistan tərəfindən köhnə texnologiyalı AES-in istismarında təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarətin vacibliyi vurğulanıb.
Baş direktor Qrossi Azərbaycanın Agentlik üçün çox vacib tərəfdaş olduğunu və bir çox sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Hazırda həyata keçirilən birgə əməkdaşlıq layihələrini qeyd edən Baş direktor, ətraf mühitin qorunması sahəsində Azərbaycanla Agentlik arasında əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildirib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.