Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskva görüşünə dair hər iki tərəfin rəsmi açıqlamasında bir cümlə xüsusilə diqqət çəkirdi: “Tərəflər ilkin şərt olmadan münasibətlərin normallaşması istiqamətində danışıqları davam etdirəcək”.
“İlkin şərtin olmaması” İrəvan üçün Ankara qarşısında əldə etdiyi uğurdur: xüsusi nümayəndə Ruben Rubinyan da bu gün parlamentin iclasında “agent” ittihamlarına qarşı bu detalı müdafiə üçün istifadə etdi. Və sual yaranır: Ankara normallaşma prosesində irəli sürdüyü şərtlərdən, xüsusilə Zəngəzur dəhlizindən imtina edib?
Tərəflərin Moskvada görüşdüyü gün – yanvarın 14-də Nikol Paşinyanın Arazdəyən-Mehri dəmir yolu xəttinin (dəhlizin bir hissəsi) bərpası üçün işçi qrupun yaradılması barədə qərarı “şərtsiz” danışıqlarla bağlı fərqli ehtimalı önə çıxarır:
- Kulis danışıqlarında İrəvan Ankaranın birinci şərtini qəbul edib: Paşinyanın qərarı bu fikri daha da gücləndirir;
- Tərəflər Paşinyan hakimiyyətini daxildə üzləşə biləcəyi reaksiyanı nəzərə alaraq, rəsmi açıqlamaya “ilkin şərt olmadan” qeydinin daxil edilməsinə razılaşıblar və bu, normallaşma prosesinin davamlı olmasına hesablanıb.
Ermənistan parlamentinin bu gün keçirilən iclasında Türkiyə ilə danışıqlara verilən reaksiya da göstərir ki, Paşinyana müharibədən sonrakı reallıqlar üzrə hərəkət edə bilməsi üçün “şərait yaradılmalıdır”.
Asif Nərimanlı
axar.az