Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik məktubu yollayıb.
Bu barədə Türkiyənin “Haber Global” telekanalının hazırladığı süjetdə qeyd olunub.
Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev təbrik məktubunda 14 yanvar 1992-ci ildə qardaş Türkiyə ilə diplomatik əlaqələrin yaradılmasını Azərbaycan Respublikasının tarixində əlamətdar hadisə kimi qiymətləndirib:
“XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuş Azərbaycanın ilk olaraq Türkiyə tərəfindən tanınması və sonra da diplomatik münasibətlərin qurulması əsil qardaşlıq və həmrəylik nümunəsi kimi xalqımızın milli yaddaşına əbədi olaraq həkk olunub”.
Azərbaycan lideri təbrik məktubunda həmçinin bu fikirlərə yer verib:
“Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək bizi daim ruhlandırır və əlavə güc verirdi. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin ilk saatlarından son dəqiqələrinə qədər şəxsən Sizin, Türkiyə Respublikasının, qardaş xalqınızın nümayiş etdirdiyi mənəvi dəstəyi, həmrəyliyi heç zaman unutmayacaq. Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidənqurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik”.
Telekanalın süjetində eyni zamanda Azərbaycan və Türkiyə XİN rəhbərləri Ceyhun Bayramov və Mövlud Çavuşoğlunun da diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə səmimi təbriklərinə yer verilib.