Türkiyə və Ermənistan arasında ilk rəsmi görüş nə vəd edir?

Türkiyə və Ermənistan arasında ilk rəsmi görüş nə vəd edir? backend

30 illik buzların əriməsi istiqamətində cəhdlər nəticə verəcəkmi; Moskvanın ev sahibliyi ilə keçiriləcək danışıqlardan ekspertlərimizin gözləntiləri

Yanvarın 14-də Moskvada Türkiyə və Ermənistan arasında ilk rəsmi görüş keçiriləcək. Qardaş ölkəni bu danışıqlarda xüsusi təmsilçi Sərdar Kılıc təmsil edəcək.

Moskva görüşündə Ermənistanı ölkə parlamentinin vitse-spikeri Ruben Rubenyanın təmsil edəcəyi barədə rəsmi açıqlama var. Qeyd edək ki, Sərdar Kılıc Türkiyənin ABŞ-da səfiri olub, təcrübəli diplomatdır. Ruben Rubenyan isə 31 yaşındadır, bundan əvvəl Ermənistanın Xarici İşlər Nazirliyində işləyib və maraqlı keçmişi var. Ruben Rubinyan bir neçə ay Türkiyədə yaşayıb və Qrant Dink Fondunun maliyyəsi ilə orada araşdırma aparıb. Onun türk dilini bildiyi də iddia olunur. Məhz bu səbəblərdən Ermənistan müxalifəti ona “Türkiyə agenti’’ damğasını yapışdırıb.

Ermənistandakı radikallar və revanşistlər bu görüşə neqativ yanaşırlar və heç bir nəticənin olmaması üçün əllərindən gələni edirlər, yazırlar. Qarabağın işğalından, xüsusilə də Kəlbəcərin 1993-cü ilin aprelində ilhaq olunmasından sonra Türkiyə qardaşlıq ənənələrinə sadiq qalaraq işğalçı Ermənistanla bütün əlaqələrini kəsmişdi, qapılarını bağlamışdı. Sonrakı dönəmlərdə bir neçə dəfə əlaqələrin bərpası istiqamətində addımlar atılsa da, erməni tərəfin destruktivliyi səbəbindən normal münasibətlər baş tutmayıb. Sürix protokolları da məhz İrəvanın radikal, işğalçı siyasəti nəticəsində arxivə getdi.  Ancaq Ankara birmənalı şəkildə bəyan edirdi ki, Qarabağın işğalına son qoyulmayınca, normal münasibətlərdən danışmağa dəyməz. Düzdür, son zamanlar Paşinyan hökuməti Türkiyəyə reveranslar edir, dalandan çıxmaqdan ötrü münasibətlərin qurulmasına çalışır, hətta qarşılıqlı olaraq hava nəqliyyatının bərpası istiqamətində də addımlar atılıb və qarşıdakı dönəmlərdə birbaşa uçuşlara start veriləcək. Ancaq Ermənistanın öz sözünə sahib durmadığını dəfələrlə gördüyümüzü də unutmamalıyıq. Bəs Moskva danışıqlarının nəticəsi olacaqmı, Azərbaycan Türkiyə-Ermənistan yaxınlaşmasından nələri gözləyir, yaxud da gözləməlidir?

Akif Nağı — Vikipediya

Akif Nağı 

QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Türkiyə ilə Ermənistan arasında yaxınlaşmanı istəyənlər də var, əleyhinə olanlar da: “Türkiyənin və Ermənistanın özündə də birmənalı yanaşma yoxdur. Müşahidələr Türkiyə və Ermənistan rəhbərliyinin bu məsələyə razı olduqlarını göstərir. Ona görə də iki ölkənin nümayəndələrinin görüşünün müsbət nəticələrinə çalışırlar. Nümayəndələrin seçilməsi də bunu deməyə əsas verir. Türkiyə Qərbdə müsbət imici olan diplomatı seçməklə, Ermənistan isə Türkiyəyə yaxşı bələd olan adamı müəyyən etməklə bu niyyətlərini nümayiş etdrirlər. Rəsmi Ankara və İrəvan təyin etdiklərin nümayəndələrin müsbət nəticəyə nail olmasını istəyirlər”. QAT sədri qeyd etdi ki, iki ölkə arasında mürəkkəb problemlər var: “Onların həll olunması hər iki tərəfə, xüsusilə də Ermənistana sərf edir. Görüşlərdə əsas hədəf iqtisadi münasibətlərin genişləndirilməsidir. Amma Ermənistanın daxili müqaviməti sındıra biləcəyi o qədər də real görünmür. Həm illərlə aparılan ziyanlı təbliğat ermənilərin beynini zəhərləyib, həm də xaricdə də bu münasibətlərin normallaşmasını istəməyən qüvvələr var. Rusiya türk-erməni ziddiyyət və düşmənçiliyinin qalmasında maraqlıdır. Qərb də münasibətlərin yumşalması və nəticədə Türkiyənin regionda təsir imkanlarının artmasında maraqlı deyil. Hadislərin gedişi daxildə və xaricdə olan ermənilərin düzgün mövqe tuta bilməsindən asılı olacaq”. Rəsmi Bakının mövqeyinə gəldikdə, A.Nağının sözlərinə görə, təbii ki, Azərbaycan öz siyasətini Türkiyə ilə Ermənistan arasında olan və olacaq vəziyyətə uyğun qurmur: “Bizim üçün bunun o qədər də əhəmiyyəti yoxdur. Sadəcə, biz gözləyirik ki, ermənilər bu münasibətlər fonunda Azərbaycana qarşı sərsəm iddialarından əl çəkəcəklər. Bu, həm də onların özlərinin xeyrinə olacaq”.

Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən  danışır - 07.05.2019, Sputnik Azərbaycan

 Üzeyir Cəfərov

Polkovnik Üzeyir Cəfərov bildirdi ki, Moskvada baş tutacaq Türkiyə-Ermənistan danışıqlarından gözləntiləri elə də böyük deyil: “Prinsip etibarı ilə artıq tərəflər bəzi məsələləri həll ediblər. Elə görüşün məhz Moskvada keçirilməsi o anlama gəlir ki, Türkiyə bu məsələni Ermənistanın faktiki ağası və yiyəsi olan Rusiya ilə əvvəlcədən danışıb və məsələ də həll olunub. İndi prosesə qanuni don geyindirmək, dünyaya tərəflər arasında uzun müddətdən sonra razılığın necə əldə olunmasını göstərmək üçün bir xeyli danışıqlar görüntüsü yaradılacaq. Prinsip etibarı ilə erməni erməniliyində qalacaq və bir müddət sonra, uzağı aprel ayında bunların yenə “genosid xəstəliyi” baş qaldıracaq. Bu danışıqların hansısa ciddi münasibətlərə çevriləcəyinə inanmıram". Ü.Cəfərov qeyd etdi ki, Ermənistan hakimiyyətində kim olur-olsun, onlar heç vaxt Türkiyə ilə sıx münasibətlərin qurulmasına imkan verməyəcəklərini yaxşı anlayırlar: “İndi Rusiyaya və Ermənistana bəzi iqtisadi və siyasi məsələləri həyata keçirmək üçün Türkiyə ”kart"ı çox vacibdir. Türkiyənin onsuz da Ermənistanla münasibətlərini normallaşdıracağı təqdirdə əldə edəcəyi dividentlərin sayı çox cüzidir. Ermənistanın nəyi var ki Türkiyə ondan qazanc əldə etsin və ya ondan faydalansın. Olsa olsa, gediş-gəliş bir balaca aktivləşəcək, türk mallarının erməni iqtisadiyyatına təsiri və digər xırda məqamlar ola bilər. Ona da regionda maraqlı qüvvələr imkan və şərait yaratsa. Yaxın 10 illiklərdə mən Ermənistanla Türkiyə arasında hər hansı ciddi münasibətlərin qurulacağına inanmıram və bunun üçün hər hansı ciddi zəmin də mövcud deyil. İstənilən halda proses başlayır və bu, uzun illər davam edəcək. Gah sürətlənəcək, gah dondurulacaq və sairə. Bu, siyasi münasibətlərin yaxınlaşması anlamına gəlməyəcək".

Yadigar Məmmədli beynəlxalq multikulturalizm qış məktəbinin əhəmiyyətindən  danışır - 20.02.2018, Sputnik Azərbaycan

 Yadigar Məmmədli

Demokratik Jurnalistlər  Liqasının sədri Yadigar Məmmədli qeyd etdi ki,  30 ilə yaxın müddətdə Türkiyə ilə Ermənistan arasında rəsmi münasibətlər məhz Azərbaycanla Ermənistan arasında münaqişə səbəbindən dondurulmuşdu: “Düzdür, ötən dövr ərzində iki ölkə arasında diplomatik münasibətlərin bərpası, sərhədlərin açılması istiqamətində müəyyən cəhdlər edilsə də, heç bir nəticə əldə edilməmişdi. Bu həftənin cümə günü Moskvada Türkiyə və Ermənistanın nümayəndələrinin rəsmi görüşü bütün hallarda müsbət haldır və bir sıra mətləblərdən xəbər verir. Əvvəlcə qeyd edək ki, görüşün məhz Moskvada keçirilməsi, Kremlin Ermənistana tam nəzarətini möhkəmləndirməsinə görədir, sonra platforma dəyişə də bilər. Türkiyə üçün isə Ermənistanla münasibətlərinin normallaşması prioritet olduğundan, görüşün harada olması elə də əhəmiyyətli deyil. Digər tərəfdən də, təbii olaraq gözlənilən görüşdə problemin həlli gözlənilmir, amma eyni zamanda bu görüş növbəti addımlar üçün çox mühümdür”. Y.Məmmədli digər respondetlərdən fərqli olaraq düşünür ki,  görüşün Azərbaycan üçün də əhəmiyyəti böyükdür: “44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbədən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqlar və təklif etdiyi  transmilli kommunikasiyalar tədricən də olsa, həyata keçiriləcək. Bunun alternativi yoxdur”.


“Yeni Müsavat”

Diaspora