Rusiya sülhməramlılarının təşrif buyurması Qazaxıstanda narahatlıqla qarşılanıb. Çünki Kreml zamanla Orta Asiya ölkəsinə torpaq iddiasını səsləndirib. Hətta Rusiya prezidenti Vladimir Putin də bənzər ifadələr işlədib. Bu dəfə Rusiya pravoslav kilsəsinin yepiskopu Patriarx Kirill Qazaxıstanı tarixi Rusiya torpaqları adlandırıb.
Qaziler.az Bizimyol.info-ya istinadla xəbər verir ki, dini rəhbər pravoslav icmasının nümayəndələrinin qarşısında çıxışı zamanı Orta Asiya ölkəsində baş verənlərdən narahat olduğunu deyib. O, baş verənləri adi müşahidəçi kimi izləməyin mümkünsüzlüyünü vurğulayıb. Patriarx Kirillin fikrincə, Rusiyanın prosesə müdaxilə etməsinə tam haqqı var.
“Bizim vahid, nəhəng ölkəmizin ərazisində bu gün ağır hadisələr baş verir. İnsanlar vətəndaş münaqişəsi ilə qarşılaşıb. İnsan qanı axıdılır. Bu, düz yanımızda, tarixi Rusiya torpaqlarında baş verir. Buna görə qan tökülməsinə, qarşıdurmalara, özbaşınalığa laqeyd qala bilmərik”.
Patriarx Kirill Qazaxıstanda sabitliyini yaranması üçün dua edəcəyini deyib. O, Rusiyanın qarşıdurmanın həllində vacib rol oynayacağına əminliyini bildirib. Din xadimi Kremlin əzəmətindən danışıb.
“Qərbdə düşünürlər ki, Rusiyanı güc hesabına məğlub edə bilərlər. Heç cür mümkün deyil. Tanrının köməyi ilə Rusiya həmişə güclü olacaq. Dünyada bir çox yanaşmalar doğru deyil. Mehriban yaşamaq lazımdır”.
Patriarx Kirill bu statusu 2009-cu ilin fevralından daşıyır. O, dövlət başçısı Vladimir Putinin güvəndiyi şəxslərdən sayılır. Hər ikisi eyni şəhərdə - Sankt-Peterburqda doğulub. Rusiya pravoslav kilsəsinin yepiskopu əvvəllər müxtəlif dini qurumlarda vəzifədə olub.
Patriarx Kirill ötən əsrin 90-cı illərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ilə əməkdaşlıqda ittiham olunub. Onun Putinlə yaxınlığının tarixinin də komitədən başladığı bildirilir. Dini rəhbərin adı Rusiyada spirtli içkilərin və tütün məmulatlarının ölkəyə idxalında hallanır. Patriarx Kirill iddiaları dəfələrlə təkzib edib. Buna baxmayaraq, yepiskop həmişə ölkənini varlı adamlarından biri kimi xarakterizə olunur.