Qazaxıstana buna görə qəsd edildi - Politoloq

Qazaxıstana buna görə qəsd edildi -  Politoloq backend

Qazaxıstan dövlətinə qarşı çıxan aksiyaçıların silaha sahib olmaları, strateji nöqtələri tutmaları göstərir ki, onların fəaliyyəti bilavasitə hansısa xarici dövlətlərin xüsusi xidmət orqanları tərəfindən istiqamətləndirilir. Bu, illeqal olaraq uzun müddətdir ki, hazırlanmış plandır. Qiyamçılar xarici dövlətlərin əlaltılarıdırlar.

Bu sözləri Axar.az-a politoloq Qabil Hüseynli Qazaxıstanda baş verən son hadisələrlə bağlı danışarkən deyib.

“Qazaxıstanda hələ də qalmaqda olan tayfa-qəbilə münasibətlərinin rolu da bu hadisələrdə özünü göstərir. Çünki əsas fəallıq göstərən bölgə Qazaxıstanın cənub bölgəsi, Almatı və onun ətrafındakı yaşayış məntəqələridir. Burada yaşayanlar isə cənub klanının üzvləridir”, - politoloq bildirib.

Onun sözlərinə görə, əsas məqsədlərdən biri son zamanlar Qazaxıstanın fəallıq göstərdiyi Türk Dövlətləri Təşkilatının formalaşmasına qarşı çıxmaqdır:

“Qazaxıstanın latın əlifbasına keçməsi, 1 həftə öncə isə rus dilinin rəsmi dövlət dili statusundan məhrum edilməsi də bu hadisələrə təkan verən amillərdəndir. Ölkədə maye qazın qiymətinin artırılması isə sadəcə bu qiyamın başlanmasına bir növ bəhanə və vəsilə oldu. Çünki Qazaxıstanda insanların maddi rifahı MDB dövlətləri içərisində, hətta Rusiyadan belə yüksək səviyyədədir. Burada azad sahibkarlığın inkişafı üçün hər cür şərait var. Qazaxıstan sürətlə inkişaf etməkdə və Avropa standartlarına yaxınlaşmaqda idi. Bəzi gözü götürməyən dövlətlərin bu inkişafı və inkişafın memarı olan Nursultan Nazarbayevi hədəfləməsi sözün əsl mənasında müəyyən mətləblərə aydınlıq gətirdi. Nazarbayev həm türk dövlətlərinin birləşdirilməsində, həm öz ölkəsinin suverenliyinin qorunmasında, eləcə də Rusiyanın müəyyən dairələrinin Qazaxıstana qarşı ərazi iddialarının aradan qaldırılmasında böyük rol oynamış şəxsiyyətlərdən biridir”.

Diaspora