Xəbər verdiyimiz kimi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurası Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin müraciəti ilə əlaqədar kollektiv sülhməramlı qüvvələrin həmin ölkəyə göndərilməsi barədə qərar qəbul edib.
Bu barədə Şuranın sədri, Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
Bəs, bundan sonra Qazaxıstanda mövcud vəziyyət necə davam edəcək?
Azxeber.com mövzu ilə bağlı siyasi şərhçi Şahin Cəfərlinin təhlilini təqdim edir:
"Rusiya bu olayları təşkil etdi ki, Qazaxıstana daxil olsun" rəyi qüsurludur. Rusiya zatən Qazaxıstanda idi. Orada Baykonur kimi çox nəhəng strateji obyekti var, Nazarbayev 2050-ci ilə qədər oranı Rusiyanın istifadəsinə verib.
Qazaxıstan Rusiyanın postsovet məkanındakı inteqrasiya layihələrinin, başqa sözlə desək, "Yeni SSRİ" quruculuğunun nəinki iştirakçısı, həm də Rusiya ilə bərabər lideridir. Avrasiya İttifaqının ideya müəllifi Nazarbayevdir.
Əlbəttə ki, Nazarbayevin heç də bütün addımları və siyasəti Moskvanın xoşuna gəlmirdi, çünki avtokratlar sərbəstliyi, şəriksiz idarəçiliyi və şəriksiz talançılığı sevirlər. Amma onun Rusiyanın kritik maraqlarına qarşı siyasət apardığını söyləmək üçün əlimizdə heç bir əsas yoxdur. Məsələn, o, dövlət aparatını Rusiyanın adamlarından təmizləmədi, varis seçəndə hansısa milli kadra yox, Tokayev kimi Rusiyaya (eləcə də Çinə) yaxın adama üstünlük verdi, ya da buna məcbur oldu, fərq etmir.
Son hadisələr necə oldu ki, bu qədər sürətlə böyüyüb, bütün ölkə miqyasına yayıldı, üstəlik radikallaşdı, bu haqda birmənalı mülahizələr yürütmək çətindir. Birmənalı onu deyə bilərəm ki, Rusiya heç yerdə inqilablar təşkil etmir, belə bir modeli yoxdur, rejimlərin xalq hərəkatları nəticəsində devrilməsindən nifrət edir, xüsusən postsovet məkanında bu cür prosesləri öz maraqlarına ciddi təhdid sayır. Qazaxıstandakı hadisələrin böyüməsini də maraqlarına təhdid saydı, indi bunu önləmək və yerli rejimi qorumaq üçün ora hərbi kontingent göndərir.
Rusiya bu olayları təşkil etməsə də, Belarusdan sonra Qazaxıstan nümunəsi də göstərdi ki, yaranmış situasiyanı öz lehinə çevirə bilir. Bu da qeyri-adi, fantastik bir bacarıq deyil, adamlar neçə əsrdir hökm etdikləri coğrafiyanı, oradakı hər daşı-qayanı, ağacı-kolu mükəmməl tanıyırlar və bilirlər. Əvvəl də yazmışdım: bizi bizdən yaxşı tanıyırlar. Rusiyanın adamı Nazarbayev qocalmışdı və xəstə idi, hər hansı sürprizə fürsət vermədən onu Rusiyanın başqa adamı ilə əvəzləmək zərurəti yaranmışdı. Bu proses 2019-cu ildə başladı, indi yekunlaşmasına bu hadisələr də vəsilə olur.
Qərbin Qazaxıstanı və Belarusu Rusiyadan qoparmaq yönündə siyasəti (niyyəti yox, siyasəti) olmayıb, bu baxımdan hadisələrin yekununda onlar nə uduzur, nə də udur. Qərbin məğlubiyyəti və ya qalibiyyəti Ukraynada və Gürcüstanda olacaq. Xüsusən Ukraynada uduzsalar, ABŞ-ın regional derjava səviyyəsinə enməsi prosesi başlayacaq, Putin "Yeni SSRİ" layihəsini uğurla başa çatdıracaq, Çin də öz növbəsində Tayvanı ələ keçirəcək.
Turan söhbətlərinə də çox aludə olmayın, bu, Rusiya əleyhinə yönəlmiş bir proyekt deyil, orada təmsil olunan keçmiş sovet ölkələri buna heç cəsarət də etməz. Sadəcə Çində Turan söhbətləri bir az narahatlıq doğurur (uyğur məsələsinə görə), amma onların da bunun qarşısını almaq üçün Qazaxıstanda qarışıqlıq yaradıb, Nazarbayevi devirmək istəmələri ağlabatan deyil, buna ehtiyacları da yoxdur. Türkiyənin Orta Asiya regionunda nə səviyyədə təsirə və ağırlığa malik olduğunu da görürük, ona görə dəfələrlə burada tövsiyə etmişdik ki, pafosdan uzaq durun, rejimlərin öz merkantil maraqları naminə apardığı içiboş təbliğatın, Türkiyə iqtidar mediasının reallıqdan uzaq yayınlarının təsiri altında qalmayın".