Tarixdə iz qoyanlar: 3-cü kursda bütün SSRİ məkanına səs salan AZƏRBAYCANLI

Tarixdə iz qoyanlar: 3-cü kursda bütün SSRİ məkanına səs salan  AZƏRBAYCANLI backend

“Tarixdə iz qoyanlar” rubrikasının növbəti yazısını təqdim edirik.

Rubrikamızda vaxtilə Azərbaycanda məşhur olmuş adlı-sanlı simalar barəsində arxivlərimizdə toz basmış materiallara işıq salınacaq. Tariximizdə iz qoymuş bu şəxslər bəlkə də yaşlı nəslin yadından çıxmayıb, amma orta və gənc nəsil onlar haqqında ya çox az bilir, ya da məlumatlı deyil.

 

Bu səbəbdən də arxivlərdə qorunan materialların dərc olunması kimlər üçünsə gərəkli sayıla bilər. 

 

Bu il görkəmli bəstəkar, Azərbaycan bəstəkarlıq məktəbinin təşəkkülü və inkişafında misilsiz xidmətləri olmuş Cahangir Cahangirovun 100 illik yubileyi tamam oldu.  Mahnı, kantata, instrumental pyes, opera kimi müxtəlif janrlarda eyni çoşğu ilə, ilham və həvəslə yazıb yaratmış  sənətkarın musiqisi öz rəngarəngliyi, parlaqlığı və emosionallığı ilə qəlbləri fəth edib. Cahangir Cahangirovun yaradıcılığı təkcə respublikamızda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da maraq doğurub, bəyənilib, sevilib və zamanında  dövlət tərəfindən layiqincə qiymətləndirilib.

 

Görkəmli bəstəkarın yaradıcılıq yolu Azərbaycan musiqisinin böyük bir tarixi mərhələsini əhatə edir. Milli musiqi yaradıcılığının bir çox janrının inkişafında onun xidmətləri əvəzedilməzdir. Milli xor mədəniyyətimizin təşəkkülündə dahi Üzeyir Hacıbəyovdan sonra Cahangir Cahangirovun adı çəkilir.

 

Ü.Hacıbəyovla şəxsən tanış olan Cahangir dahi bəstəkarla bağlı xatirələrini “Unudulmaz xatirələr” və “Üzeyir Hacıbəyov haqqında xatirələrim” məqalələrində qələmə alıb. Məqalələrdən aydın olur ki, dahi Üzeyir bəylə gənc Cahangirin ilk tanışlığı 1937-ci il ilə təsadüf edir. Azərbaycan Dövlət Filarmoniyasının nəzdində xor kollektivi təşkil etmək üçün filarmoniyaya gələn Üzeyir bəy tələbələri dinləyir. Həmin vaxt teatr  texnikumunda təhsil alan gənc Cahangir komissiyanın sədri Üzeyir Hacıbəyov tərəfindən bəyənilir və  o, xor kollektivinə qəbul edilir. Bir müddət xorda oxuyan Cahangir xatirələrində daha sonra yazır:

 

“Bir gün məşqdən sonra Üzeyir bəy məni yanına çağırdı və dedi: “Cahangir, yoldaşlarından bir neçəsi mənə deyiblər ki, sən bəzən musiqi parçaları, mahnılar qoşursan. Bir əyləş, çal görüm. Eşitmək istəyirəm”.

 

Özünü itirən, əlləri əsməyə başlayan Cahangirin  həyəcanını sakitləşdirən Üzeyir bəy Cahangirin çaldığı əsərlərə qulaq asaraq onları bəyənir və ona Qara Qarayevə müraciət etməyi məsləhət görür.

 

“Beləliklə, mənim bəstəkarlıq sənətinə ilk dəfə qədəm qoymağım məhz Üzeyir Hacıbəyovun adı ilə bağlıdır”, – deyə C.Cahangirov xatirələrində qeyd edir.

 

Ümumiyyətlə, Cahangir Cahangirov Üzeyir bəyin atalıq qayğısını hər zaman hiss etdiyini vurğulayırdı. Hətta xatirələrinin birində qeyd edir ki, müharibə illərində yaradıcı ziyalılara geyim, pal-paltar, ayaqqabı verirdilər. 1944-cü ildə Bəstəkarlar İttifaqına yenicə qəbul olunmuş gənc Cahangirə bir şey düşmədiyini bilən Üzeyir bəy öz adına yazılmış əşyanı ayaqqabı ilə əvəz edib Cahangirə verilməsini tapşırır.

 

“Amma geyməyə ürəyim gəlmirdi. O, Üzeyir bəyin əvəzsiz yadigarı kimiydi. İllər keçib, ancaq mən unudulmaz müəllimimin hədiyyəsini – bir cüt ayaqqabını heç cür yaddan çıxarmıram”,- deyə bəstəkar xairələrində yazırdı.

 

 

Mübaliğəsiz söyləmək olar ki, Cahangir Cahangirovun yaradıcılığı ötən əsr musiqimizin simasını bir çox cəhətdən müəyyənləşdirmək üçün kifayət qədər zəngin material verir. Bəstəkarın qələmə aldığı operalar, süitalar, üvertüralar, poemalar, konsertlər, fuqalar, prelüdlər, pyeslər, kantatalar, oratoriyalar, odalar, marşlar, mahnılar, rəqslər,  kinofilmlərə yazdığı musiqilər buna parlaq sübutdur.

 

 

C.Cahangirov Araz və Cənub harayına səs verən mübariz sənətkar, bölünmüş o taylı-bu taylı Vətən həsrətinin alovlu nəğməkarı idi. Cəsarətlə demək olar ki, Azərbaycan bəstəkarlarının yaradıcılığında Araz mövzusunu C.Cahangirov oyadıb,  ilk  Araz nəğməsini məhəbbətlə o oxuyub.

 

“Təbrizim mahnısı, “Arazın o tayında” vokal-simfonik poeması və “Azad” operasını buna misal göstərmək olar. Bəstəkar 1949-cu ildə hələ tələbə ikən qələmə aldığı  “Arazın o tayında” vokal-simfonik poemasını Cənubi Azərbaycanda baş vermiş milli azadlıq hərəkatının güclü təsiri altında yazmışdı. Bir il sonra əsər SSRİ Dövlət mükafatına layiq görülür. O zaman konservatoriyanın 3-cü kurs tələbəsi olan C.Cahangirova keçmiş SSRİ məkanında geniş şöhrət qazandırmış belə bir səpkidə əsərin meydana çıxması Azərbaycan sovet musiqisinin ciddi nailiyyəti kimi qeyd edilməlidir.

 

 

C.Cahangirovun yaradıcılığı çoxşaxəlidir. O, “Azad” və “Xanəndənin taleyi” operalarının, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarının, Sabir, Hüseyn Cavidə həsr olunmuş oratoriyaların, xalq mahnılarının xor üçün işləmələrinin, orijinal xor əsərlərinin, mahnıların, simfonik əsərlərin, kinofilmlərə və teatr tamaşalarına musiqilərin müəllifidir. Bəstəkarın ölməz şair Füzuliyə həsr etdiyi “Füzuli” kantatası xüsusən böyük şöhrət qazanıb. Müəllif şərqin misilsiz şairinin parlaq obrazını təsirli musiqi dili ilə əks etdirə bilib.

 

 

C.Cahangirovun yaradıcılığının bir şaxəsini də onun gözəl lirik  mahnıları təşkil edir. Bəstəkar müxtəlif irihəcmli əsərlərə müraciət etməklə yanaşı, mahnı janrına da daim üstünlük vermiş və gözəl nəğmələr bəstələyib. “Mahnıya ciddi münasibət bəsləmək lazımdır. Mahnının ideya, məzmun gücü, müasir səciyyəsi, sifəti olmalıdır”, - deyə bəstəkar bildirirdi.

 

 

Kino musiqisi sahəsində də C.Cahangirov gözəl bir iz qoyub  Bu gün də sevərək izlədiyimiz “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür”, “Qatır Məmməd” ,“Papaq” kinofilmlərinə bəstəkarın  yazdığı musiqilər kino musiqi sənətimizin parlaq səhifəsini təşkil edir. Onun bir çox gözəl mahnıları məhz kinofilmlərdən, ekrandan “ayrılaraq” xalq arasında geniş şöhrət tapıb.

 

 

Cahangir Cahangirov vətəninə, elinə oldiqca bağlı bir insan olub. Bəstəkar xatirələrinin birində qeyd edir ki, 1961-ci ildə SSRİ Mədəniyyət Nazirliyi tərəfindən bəstəkar kimi bir illik ərəb ölkələrinə göndərilir. Məqsəd ərəb folklorunu toplayıb onun üzərində işlədikdən sonra orkestr üçün tərtib etmək imiş. “Vətən həsrəti məni olduqca sarsıdırdı” deyən bəstəkar qürbətdə darıxdırıcı günlər yaşadığını qeyd edir.

 

“Vətən həsrətilə beynimdə bir melodiya həmişə səslənirdi və məni rahat qoymurdu” söyləyən bəstəkar  Bakıya dönən kimi vağzalda onu qarşılayan yaxın dostu şair Zeynal Cabbarzadəni evə dəvət edir və tələsik, 15 dəqiqə içində ona həmin melodiyaya “Vətən həsrəti” şeirini yazdırır. Bir neçə gündən sonra mahnı müğənni Şövkət Ələkbərovanın ifasında televiziya və radio ilə səslənməyə başlayır.

 

 

Cahangir Cahangirovun yaradıcılıq irsi olduqca əhatəli və rəngarəngdir və şübhəsiz ki, burada sadaladıqlarımızla məhdudlaşmır. Bəstəkarın irsi gələcəkdə hələ neçə-neçə tədqiqat işlərinin mənbəyi olacaqdır. Bu irsi təsdiq edən və əbədi yaşadan isə elə bəstəkarın musiqisidir. Cahangir Cahangirovun ölməz musiqisi səsləndikcə insanların könlü, bəstəkarın isə ruhu şad olacaq.  

 

Xatirə QƏDİROVA,

ARDƏİA-nın aparıcı arxeoqrafı

 

***

 

P.S. Cahangir Cahangirov 1921-ci ilin iyun ayının  20-də Bakının Balaxanı kəndində, neftçi ailəsində dünyaay gəlib. Neft buruqlarını fəth edən atası elə düşünürdü ki, onun fəth edə bilmədiyini oğlu Cahangir  dənizlərin dibindən çəkib çıxardacaq, amma oğlu tamam fərqli istiqamətə üz tutdu. Oxuduğu məktəbdə onun musiqi duyumunu və həvəsini nəzərə alıb özfəaliyyət dərnəyinə cəlb ediblər. Xorda oxuyub, tarda çalıb. Musiqiyə  maraq onu Bakı Teatr Texnikumunda təhsil almağa gətirib çıxarıb. Sonra isə Azərbaycan Dövlət Konservatoriyasına B.Zeydmanın bəstəkarlıq sinfinə daxil olan Cahangir Cahangirov burda  Üzeyir Hacıbəyovdan dərs alıb.

 

Cahangir Cahangirov 1949-cu ildən başlayaraq Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edib və 15 ildən artıq bu kollektivlə işləyib. Yazdığı mahnıların çoxu da ilk dəfə həmin xorun ifasında səsləndirilib. Sonralar Cahangir Cahangirov Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində də çalışıb.   

Xalq  artisti, professor, Əməkdar incəsənət xadimi Cahangir Cahangirov 1992-ci ilin martında Bakıda dünyasını dəyişib. Məzarı Fəxri Xiyabandadır. Onun qızlarının xaricdə yaşadığı bildirilir. (modern.az)

Diaspora