Dünya azərbaycanlılarının həmrəyliyi yeni mərhələdə

Dünya azərbaycanlılarının həmrəyliyi yeni mərhələdə backend

2021-ci il Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) və diasporumuz üçün çox əlamətdar olub.

Qaziler.az bildirir ki, cari il ərzində dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsi, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin koordinasiyası, Ermənistanın Cənubi Qafqaz regionunda həyata keçirdiyi separatçılıq, ekstremizm, terrorçuluq və özününküləşdirmə siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizə qarşı erməni diasporu və lobbisi tərəfindən həyata keçirilən kampaniyaların qarşısının alınması ilə əlaqədar bir sıra xarici ölkələrdə diaspor təşkilatları tərəfindən toplantılar, sərgilər, nümayişlər və digər zəruri tədbirlər təşkil olunub. Eyni zamanda 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Novruz bayramı, 28 May - Respublika Günü, 7 Sentyabr – Anım Günü, 9 Noyabr - Dövlət Bayrağı Günü, 12 Dekabr – Heydər Əliyevin Anım Günü kimi tarixlərdə müxtəlif formatlı tədbirlər həyata keçirilib.

DİDK-nın dəstəyi və təşkilatçılığı ilə xarici jurnalistlərin, fotoqraf və tarixçilərin Qarabağa səfərləri təşkil edilib. Onlar 30 illik işğal müddətində Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vəhşilikləri öz gözləri ilə görüb, daha sonra beynəlxalq ictimaiyyətə çatdırıblar.

Heç şübhəsiz ki, Komitənin builki fəaliyyətinin əsasını 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin birinci ildönümü və Qarabağ həqiqətlərinin dünyada təbliği təşkil edib. 8 Noyabr – Zəfər Günü ilə bağlı 47 ölkədə ümumilikdə 166 tədbir keçirilib. Bunun 41-i aksiya, 41-ü görüş, 101 görüş, konfrans və dəyirmi masa, 8-i onlayn görüş, 16 məqalə dərc edilib. 8 Noyabr – Zəfər Günü ilə əlaqədar olaraq ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımız, həmvətənlərimiz, diaspor təşkilatları, Azərbaycanlıların Koordinasiya Şuraları və Azərbaycan Evləri tərəfindən müxtəlif formatlı tədbirlər təşkil olunub və fərqli istiqamətlərdə işlər icra edilib. Belə ki, mövzu ilə əlaqədar nüfuzlu qurumlara, beynəlxalq təşkilatlara məktublar, müraciətlər və bəyanatlar ünvanlanıb, xarici KİV-də məqalələr, müsahibələr dərc edilib, televiziya və radio proqramları, həmçinin videoçarxlar yayımlanıb, işğaldan azad olunmuş Şuşa və digər Azərbaycan şəhərlərindəki tarixi memarlıq və dini abidələrin, üçrəngli dövlət bayrağımızın təsvirlərinin əks olunduğu LED ekranlı maşınların hərəkəti təmin edilib, dəmiryolu vağzalı, metro stansiyalarında, metro qatarları və tramvaylarda “8 Noyabr – Zəfər Günü!” şüarı yazılmış rəqəmsal lövhələr, poster və bannerlər, Nyu-Yorkun “Times Square” meydanında “8 November. #KarabakhisAzerbaijan #Zafar” yazılmış bilbord quraşdırılıb, Rusiyanın Yekaterinburq şəhərindəki Boris Yeltsin adına Prezident Mərkəzi və Londonda 10 bina Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi və əməkdaşları müxtəlif ölkələrdə keçirilən Zəfər Günü tədbirlərində iştirak və çıxış edib.

Dövlət Komitəsi 2021-ci il ərzində “Dəmir yumruğun gücü ilə Şuşadayıq!” şüarı altında diaspor nümayəndələrinin Şuşaya dörd səfərini təşkil edib. İyulun 27-də baş tutan ilk səfərdə 25 ölkədən 75 soydaşımız iştirak edib. Avqustun 17-də gerçəkləşdirilən ikinci səfərdə 25 ölkədən 99 diaspor nümayəndəsi iştirak edib. Oktyabrın 9-da təşkil olunan Şuşaya üçüncü səfərdə 19 ölkədən 55 diaspor nümayəndəsi iştirak edib. Dekabrın 2-də isə 13 ölkədən 28 diaspor nümayəndəsi Şuşaya gedib. Səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, “Şuşa Bəyannaməsi”nin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərini və digər görməli yerləri ziyarət ediblər. Soydaşlarımız qədim şəhərdə aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olublar. Şuşaya son 30 ildə ilk dəfə ayaq basan diaspor nümayəndələri bu xoşbəxtliyi onlara bəxş edən Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyət göstərir. Artıq dünyanın 6 şəhərindəki “Qarabağ məktəbi”ndə 250-dən çox azərbaycanlı uşaq təhsil alır. Bunlar Kanadanın Ottava, Fransanın Nant, İsveçrənin Bern, Polşanın Varşava, İsveçin Stokholm, Böyük Britaniyanın London şəhərləridir. Şagirdlərə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan və dünya tarixi, rəsm və piano dərsləri keçirilir. Xaricdə yaşayan azərbaycanlılar üçün xüsusi dərslik hazırlanıb. Bundan başqa, xaricdə yaşayan 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün hazırlanmış “Azərbaycan dili” dərsliyinə Təhsil Nazirliyinin qrifi və DİDK-nin maliyyə dəstəyi ilə çap edilərək xaricdəki soydaşlarımıza göndərilib. Eyni zamanda Komitənin rəsmi internet saytında qeydiyyatdan keçməklə kitabı elektron formatda əldə etmək imkanı da yaradılıb.

Bu il Diasporla İş üzrə Dövlət Komitəsi “Yaşat” Fonduna pul köçürmələri, qazilərimizə, şəhid və qazilərimizin ailələrinə maddi və mənəvi yardım göstərmələri üçün Azərbaycan diasporuna, ümumilikdə xaricdə yaşayan azərbaycanlılara çağırış edib. Bu mühüm çağırışın nəticəsində 29 aprel-31 may 2021-ci il tarixində Azərbaycan diasporunun yüksək fəallığı ilə müşayiət olunan “Yaşat” xeyriyyə marafonu baş tutub, marafon 7 saata yaxın müddətdə Azərbaycan Televiziyası ilə videoyazı formatında nümayiş olunub. Komitə bu işin təşkilini yüksək səviyyədə həyata keçirib və xeyriyyə marafonu “Yaşat” Fonduna 1 milyon manatdan artıq vəsaitin köçürülməsi ilə nəticələnib.

Cənab Prezident və hörmətli Birinci vitse-prezident tərəfindən soydaşlarımıza göstərilən diqqət və qayğı, verilmiş tövsiyələr birliyi, birgə fəaliyyəti tövsif edir. Artıq dünyanın 33 ölkəsini və 130-dan çox diaspor təşkilatını əhatə edən Azərbaycanlıların 14 Koordinasiya Şurası fəaliyyət göstərir. Bunlar Polşa, İtaliya, İspaniya, Almaniya, Fransa, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Belçika və Niderland, İsveçrə, Ukrayna, Amerika, Baltikyanı, Skandinaviya, Şərqi Avropa və Ərəb ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şuraları fəaliyyət göstərir. Ukraynadakı diaspor təşkilatları Azərbaycanlıların Ali Radası adı altında birləşib.

Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin koordinasiyasında Azərbaycan Evləri də mühüm yer tutur. 2021-ci ildə dünya ölkələri üzrə Azərbaycan Evlərinin sayı 16-ya çatıb. Bunlar Tallin, Varşava, Budapeşt, Brüssel, Zalsburq, Barselona, Köln, Berlin, Münhen, Kiyev, Odessa, Ankara, İğdır, Qahirə, Marneuli və Saloniki şəhərlərində fəaliyyət göstərir.

Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin təşkilatçılığı və xüsusi dəstəyi ilə Zəfər Tibb Simpoziumu keçirilib. Simpozium oktyabrın 28-dən noyabrın 1-dək Bakı, Gəncə və Göygöl şəhərlərində baş tutub. Bu simpozium Prezident İlham Əliyevin “Bizim ən böyük resursumuz insanların savadıdır. Öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik”, “Bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir” kimi fikirlərinin təsdiqidir.

Diasporla İş üzrə Dövlət Komitəsi "Diaspor Gəncləri 1+1" layihəsinə start verib. 15-21 dekabr 2021-ci il tarixində start verilən layihənin ilk iştirakçıları 9 ölkədən (ABŞ, Polşa, İtaliya, Macarıstan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan və İordaniya) 18 nəfər olub. İştirakçıların 9 nəfəri əcnəbi gənclər, digər 9 nəfər isə xaricdə yaşayan azərbaycanlı gənclərdir. Layihəyə əsasən, hər bir azərbaycanlı gənc özü ilə xaricdən bir nəfər gənc gətirib. Məqsəd Ermənistanın Cənubi Qafqaz regionunda həyata keçirdiyi separatçılıq, ekstremizm, özününkiləşdirmə siyasəti ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizə qarşı erməni diasporu və lobbisi tərəfindən həyata keçirilən kampaniyaların qarşısının alınması, ölkəmizin multikultural zənginliyini, eyni zamanda 30 illik işğal və 44 günlük Vətən müharibəsi ərzində Ermənistanın qəsbkarlığı nəticəsində torpaqlarımıza və xalqımıza qarşı törədilmiş vandalizm aktlarını, hərbi cinayətləri və azad olunmuş ərazilərdə sürətlə davam edən yenidənqurma, bərpa-quruculuq prosesini qonaqlara göstərməkdir. Layihə iştirakçıları Bakı, Gəncə, Bərdə, Ağdam, Füzuli və Şuşa şəhərlərində ölkəmizin tarixi, dini və mədəni abidələrini ziyarət ediblər.

İlin son tədbiri isə dekabrın 24-də baş tutub. Diasporla İş üzrə Dövlət Komitəsi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni təqvim ili münasibətilə “Bir olaq, həmrəy olaq!” adlı bayram videokonfransı keçirilib. DİDK sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən videokonfransa 67 ölkədən 570 soydaşımızın qatılıb. Tədbir iştirakçıları Müzəffər Ali Baş Komandan İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik ediblər. Görüşdə Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə, Azərbaycan diasporunun fəaliyyətinə verilən mühüm töhfələrə, ölkəmizin beynəlxalq aləmdə ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafında səmərəli fəaliyyətə görə “Diaspor fəaliyyətində xidmətə görə” medalı və təşəkkürnamələrlə təltif olunan bir qrup diaspor üzvünün adları açıqlanıb. Soydaşlarımızın hazırladıqları müxtəlif musiqi nömrələrinin təqdim olunduğu bayram tədbiri Diaspor Marşının səsləndirilməsi ilə başa çatıb.

Bütün bunlar 2021-ci ilin dünya azərbaycanlılarının həmrəyliyinin gücləndirilməsi, Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin koordinasiyası baxımından uğurlu il olduğunu söyləməyə əsas verir.

Diaspora