Türkiyənin milli müdafiə naziri Hulusi Akar işğal altındakı torpaqları qurtaracağına dair ona söz verən azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyevin ailəsi ilə Ankarada görüşüb.
Bu barədə nazirliyin “Twitter” səhifəsində qeyd edilir.
Görüşdə şəhidin atası İsbat Məmiyev, anası İlhamə Məmiyeva, qardaşı Vüsal Məmiyev və qardaşı oğlu Sabir Məmiyev iştirak edib.
Türkiyə və Azərbaycanın “iki dövlət, bir millət” olduğunu vurğulayan nazir bunun Vətən Müharibəsində bütün dünyaya bir daha nümayiş etdirildiyini bildirib. İki qardaş ölkənin kədər və sevinc içində bir yerdə olduğunu ifadə edən Akar bir çox ölkənin bu birliyə həsədlə baxdığını da vurğulayıb.
Qeyd edək ki, şəhid baş leytenant Valeh Məmiyevin ailəsi Hulusi Akarın dəvəti ilə Ankaraya gedib.
Baş leytenant Valeh Məmiyev 13 avqust 2020-ci il tarixində Azərbaycanda təşkil edilmiş Türkiyə-Azərbaycan Ortaq Təlimində fərqlənən əsgərlərdən biri olub.
Təlimdən sonra Akar Məmiyevə mükafat təqdim edib, xatirə şəkli çəkdirib və bir müddət onunla söhbətləşib.
Akar Məmiyevə “Təlimdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox xoşdur. Ancaq əsas vəzifəniz 30 ildir işğal altında olan torpaqlarınızı xilas etmək olmalıdır. Buradakı müvəffəqiyyətinizi döyüş meydanında da təkrarlamalısınız” deyib.
Məmiyev isə bildirib ki, “Biz Ali Baş Komandandan əmr gözləyirik. Əmr gəldiyi an torpaqlarımızı qurtaracağıq və sizin istəyiniz yerinə yetiriləcək”.