Azərbaycan Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovla Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviçin görüşü barədə məlumat yayıb.
"Report"un xəbərinə görə, nazirlikdən bildirilib ki, görüşdə Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin gələcək perspektivləri və müxtəlif sahələr üzrə hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsi yollarına dair ətraflı fikir mübadiləsi aparılıb.
Tərəflər, Azərbaycan və Bosniya və Herseqovina arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu bildirərək, bu əlaqələrin daha da gücləndirilməsi üçün birgə səylərin göstərilicəyinə əminlik ifadə ediblər.
Nazir Ceyhun Bayramov qonağı salamlayaraq, Azərbaycan ilə Bosniya və Herseqovina arasında mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib. Ölkələrimizin bir-birlərinin suverenliyinə və ərazi bütövlüklərinə verdikləri davamlı dəstəyin beynəlxalq hüququn təməl prinsiplərinə hörmət yanaşması ilə birgə əlaqələrimizin təməlində dayandığı xüsusilə qeyd olunub. Azərbaycanın Bosniya və Herseqovina ilə qarşılıqlı maraqlara əsaslanan və hər iki ölkəyə fayda gətirəcək bütün sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu səsləndirilib.
Nazir Bisera Turkoviç səfərindən məmnunluq ifadə edərək, Azərbaycan Respublikasının Prezidenti ilə keçirilən görüşə məmnunluqla istinad edib. Nazir, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu və hər iki ölkədə səfirliklərin fəaliyyətə başlaması ilə bağlı əməli addımlar atılmağa başlayanda əlaqələrin inkişafına müsbət təkan verəcəyini bildirib.
Görüş zamanı iki ölkə arasında siyasi dialoqun daha da inkişaf etdirilməsi üçün qarşılıqlı səfərlərin və XİN-lərarası siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər Azərbaycan və Bosniya və Herseqovina arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər, həmçinin enerji, kənd təsərrüfatı, turizm, təhsil, humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün əlverişli imkanların olduğunu bildiriblər.
Nazir Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan cari vəziyyət, o cümlədən müharibə sonrası yeni reallıqlar, azad edilmiş ərazilərdəki vəziyyət, mina təhlükəsi, habelə bu torpaqlarda həyata keçirilən bərpa və yenidənqurma prosesi barədə məlumat verib.
Qarşı tərəf COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycanın ölkəsinə göstərdiyi yardıma görə təşəkkürünü ifadə edib. Həmçinin Heydər Əliyev Fondu tərəfindən Bosniya və Herseqovinada həyata keçirilən humanitar layihələrin əhəmiyyətini vurğulayıb.
Görüşdə tərəflər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
13:35
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Bisera Turkoviç arasında geniş tərkibdə görüş başa çatıb.
“Report”un məlumatına görə, nazirlər görüşdən sonra birgə brifinq keçiriblər.
XİN başçıları danışıqların yekunları barədə sualları cavablandırıblar.
****
12.32
Azərbaycan və Bosniya və Herseqovina xarici işlər nazirlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterində məlumat yayılıb.
Bildirilib ki, tərəflər arasında təkbətək görüş başa çatıb.
*****
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və onun bosniyalı həmkarı Bisera Turkoviç arasında görüş başlayıb.
Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tviterində məlumat yayılıb.