"Prezident İlham Əliyev qətiyyətlə bəyan etdiyi “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” həqiqətini reallığa çevirdi, nəinki işğalçıların “bufer zona” kimi qələmə verdikləri yeddi rayon, özü də onların üçü bir güllə atılmadan işğaldan azad olundu, Hadrut və Şuşa da ətraf əraziləri ilə birlikdə düşməndən təmizləndi. Bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altındakı ərazilərdə yaşayan ermənilər isə gec-tez öz gələcək talelərini müəyyənləşdirməli olacaqlar".
Qaziler.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.
"Hazırda dövlətimizin başçısının və onun rəhbərliyi ilə hökumətimizin diqqəti işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə, bərpa-quruculuq işlərinin sürətlə aparılmasına yönəlsə də, sosial-iqtisadi inkişaf tədbirləri, ümumiyyətlə, respublikanın hər yerində eyni templə davam etdirilir. “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci il 7 iyul tarixli Prezident fərmanı tarixi Zəfərdən sonra ölkəmizin həyatında başlayan yeni mərhələdə şəhər və rayonlarımızın davamlı və tarazlı inkişafını nəzərdə tutur. İqtisadi rayonların yeni bölgüsü, xüsusən Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində həyata keçirilən irimiqyaslı proqramların mərkəzləşdirilmiş və əlaqələndirilmiş şəkildə icrasına, bölgənin çevik idarəetmə, yeni məskunlaşma və şəhərsalma strategiyasına uyğun inkişafına xidmət edir. Bu bölgü eyni zamanda Qarabağın və Şərqi Zəngəzurun inkişaf strategiyasını digər iqtisadi rayonlar ilə qarşılıqlı şəkildə uzlaşdırır.
Bu tarixi fərman özünün iqtisadi mənası ilə bərabər, böyük siyasi əhəmiyyətə də malikdir. Belə ki, hazırda ermənilərin yaşadıqları ərazilərin bilavasitə Azərbaycanın iqtisadi rayonları tərkibində təsbit edilməsi bədnam “status” nisgili ilə yaşayanlara siyasi-hüquqi cəhətdən sərt və qətiyyətli cavabdırsa, Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycanın tarixi, əzəli torpağı olan Zəngəzur bölgəsinin vaxtilə Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsinə, böyük türk dünyasının coğrafi baxımdan parçalanmasına son qoymaq, tarixi ədaləti bərpa etmək addımı, “Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də” deyən Prezident İlham Əliyevin yenilməz iradəsinin və qətiyyətinin ifadəsidir", - Baş nazir əlavə edib.