Prezident İlham Əliyev erməni əsirləri Ermənistana qaytarmaqla onların öz vətənlərindəki həbsxanalarda işgəncələrə məruz qala biləcəyindən ehtiyat etdiyini ifadə etdi.
“Biz onları Ermənistana qaytarmışıq, onlar isə həbs ediblər. Ola bilsin ki, onlar bu şəxslərə işgəncə verəcəklər. Onların çox sərt təcrübəsi var, çünki bizim əsirlərin Ermənistan həbsxanasındakı dəhşətli vaxtlar barədə danışdıqları onu göstərir ki, bu insanlar çox ağır işgəncələrə məruz qalacaqlar. Ona görə də, əgər biz daha çox adam qaytarsaq, onlar həbs olunacaqlar. Bu, real faktdır və bunu təsdiq etmək olar”, - deyə Prezident İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib.
Prezident qeyd edib ki, azərbaycanlılara qarşı cinayət törətməyən yüzdən çox erməni hərbi qulluqçu Ermənistana qaytarılıb.
“İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycan Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdi. Beynəlxalq müşahidəçilər bunu sübut edə bilərlər. Hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. Onlar bu terror aktlarını törədiblər, nəticədə bir neçə hərbçi və mülki şəxs həlak olub və onlar saxlanılaraq məsuliyyətə cəlb ediliblər. Onların bəziləri humanitar məqsədlərlə azad ediliblər. İndiyədək biz 100-dən çox saxlanılan şəxsi azad etmişik. Cinayət törədənlər isə mühakimə olunublar. Beləliklə, bu insanlar heç bir beynəlxalq konvensiya ilə hərbi əsir hesab edilə bilməzlər”, - deyə İlham Əliyev qeyd edib.
Xatırladaq ki, dekabrın 4-də Ermənistana qaytarılan 10 əsirdən 4-ü döyüşlərdə mövqelərini tərk edərək qaçdıqları iddiası ilə saxlanılıb.
Paşinyanın timsalında Ermənistan rəhbərliyinin son günlər açıqladığı bəyanatlar Prezidentin erməni hərbi əsirlərin taleyi ilə bağlı sözlərini sübut edir.
Kampaniya zamanı əsir məsələsindən öz xeyrinə məharətlə istifadə edən Paşinyan və onun hökuməti onları öz oğlu ilə əvəz etməyə hazır olduğunu, sonra əsirlərin qardaşları olduğunu bildirsə də, daha sonra onları həbs etdi.
Habelə diqqətəlayiqdir ki, Ermənistan parlamentinin yüksək tribunasından Alen Simonyan erməni hərbçilərin Azərbaycanda işgəncələrə məruz qalması barədə məlumatları təkzib edib.
Ordu.az