Mən qətiyyən başqalarını bütün problem, günah və səhvlərdə ittiham etmək istəmirəm. İlk dəfə deyil ki, etiraf edirəm: bizim hakimiyyətimiz zamanı müxtəlif səhvlər və boşluqlar oldu.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq prezidenti, Respublikaçılar Partiyasının sədri Serj Sərkisyan partiyasının 17-ci qurultayında deyib.
“Bəli, çoxsaylı problemlərin həllində ciddi ləngimələr oldu, halbuki vətəndaşlar bizdən daha çox şey gözləyirdi; ölkədə ədalətsizlik və korrupsiya çoxaldı; mən bizim adımız altında gizlənib, böyük sərvətlər toplayanlara qarşı yumşaq davrandım, xalqla lazımı qədər açıq və səmimi olmadım, onların anladığı dildə danışmadım.
Etiraf edirəm ki, kütləvi hərəkatlarda yeni texnologiyanın rolunu qiymətləndirməyi bacarmadım, təhlükəsizliyə başım qarışdı, daxili problemlərə diqqət etmədim, çoxsaylı məsələləri layiq olmayan insanlara etibar etdim...
Bu siyahını daha çox uzatmaq mümkündür”.
Buna baxmayaraq, Sərkisyan “bütün günahlar Serjdədir” ittihamının ədalətli olmadığını iddia edib:
“Mən etiraf etdim və daha çox səhvlərimi də etiraf etməyə hazıram. Ancaq bəzilərinə deyirəm ki, məni öz səhvlərinizə də qatmayın. Mən sizi avantüralara təhrik etməmişəm”.