Rusiyanın sərhədlərlə bağlı Ermənistana təkilf etdiyi 1974-cü il xəritəsində nə var?

Rusiyanın sərhədlərlə bağlı Ermənistana təkilf etdiyi  1974-cü il xəritəsində nə var? backend

"Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi zamanı 1974-cü il tarixli xəritə daha əsasdır”. 

Qaziler.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında AMEA-nın Coğrafiya İnstitutunun Landşafşünaslıq və landşaf planlaşdırılması Şöbəsinin müdiri Mirnuh İsmayılov ermənistanlı deputat Arman Yeqoyanın "Biz Ermənistan SSR və Azərbaycan SSR tərəfindən təsdiq edilmiş 1926-cı il xəritəsinə arxalanırıq" fikrinə münasibət bildirərkən deyib:

"Yaradılan üçtərəfli kommisiya da ortaya təbii ki, 1974-cü ilə aid xəritəni qoyacaq. Həmin xəritədə sərhəd məsələsi də aydın göstərilib. İrəvan bir xətirə, Azərbaycan isə başqa xəritənin üzərində dayansa çoxsaylı mübahisələr yaranacaq. Ona görə də sərhədlərin müəyyənləşməsi zamanı 1974-cü ilin topoqrafik xəritələrindən istifadə etmək daha məqbuldur. İndi Ermənistan ərazisində qalan və Azərbaycana verilməli olan bəzi ərazilər o vaxtın xəritəsində öz əksini tapıb”. 

Şöbə müdiri bildirir ki, keçən əsrin 20-ci illərində isə SSRİ-yə daxil olan respublikaların sərhədləri tam dəqiqləşməmişdi: 

"1926-cı il xəritəsilə isə tanış deyiləm. O vaxtlar respublikalar arasındakı sərhədlər dəqiq deyildi, mübahisəli ərazilər, sahələr çox idi. Sovet rejiminin möhkəmlənməsilə bu məsələlər yerinə qoyuldu. Sərhədlərin təyinində nə ermənilər, nə də biz hakim mövqe tutmuşuq. O vaxtlar hakim mövqe mərkəzi hökumətin əlində olub. Ona görə də fikrimcə, burada əlavə mübahisəyə ehtiyac yoxdur”.  

"Bakı ilə Moskva hansı xəritəni tövsiyə etsə, məğlub Ermənistan da onu qəbul etməyə məcburdur”.

Bunu isə məsələ ilə bağlı sayta açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib: 

"Bu xəritələrlə tanış deyiləm. Nə 1926-cı il, nə də 1974-cü ilə aid xəritələri tanımıram. Sadəcə, hadisələri izləyən birisi kimi bilirəm ki, Ermənistan tərəfi Azərbaycan və Rusiya hansı xəritəni tövsiyə etsə, o xəritə üzrə də delimitasiya aparmağa məcburdur. Çünki Ermənistan məğlub ölkədir”. 

"Burada məsələyə bir qədər fərqli, ayrı səpkidə baxılmalıdır”. 

Məsələ ilə bağlı sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov sadəcə onu vurğuladı ki, xəritələrlə bağlı məsələ bir qədər uzun çəkəcək: 

"O baxımdan hiss olunur ki, münaqişə Qarabağdan sərhəd zonasına keçir. Əsas problemlər məhz sərhəd zonasında olacaq. Ona görə də prosesə hazır olmalıyıq. Xəritələrlə bağlı müxtəlif fikirlər səslənəcək. Erməni deputatı tərəfindən səslənən həmin fikir ilk fikirdir, amma axırıncı da deyil”.

Qeyd edək ki, hakim "Vətəndaş müqaviləsi” partiyasının deputatı Arman Yeqoyan Bakı ilə İrəvan arasında sərhədlərin müəyyənləşməsi zamanı ölkəsinin Ermənistan SSR və Azərbaycan SSR tərəfindən təsdiq edilmiş 1926-cı il xəritəsinə arxalandıqlarını dilə gətirib: Rusiya tərəfindən isə vəziyyəti sabitləşdirmək üçün bizə Baş Qərargah tərəfindən təsdiq edilmiş, 1974-cü il tarixli sonuncu xəritə təklif olunub”, - deyə Yeqoyan qeyd edib.

Diaspora