ABŞ-ın “Atlantic Council” Analitik Mərkəzinin internet səhifəsində “Putinin nazıyla oynamağı dayandırmaq və Rusiyanın imperiya ambisiyalarına qarşı çıxmaq vaxtıdır” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Dünya Ukraynalıları Konqresinin prezidenti Pol Qroddur. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.
30 il əvvəl, 1991-ci ilin dekabrında Ukraynada keçirilən referendumda əhalinin 90%-dən çoxu dövlət müstəqilliyinə səs verməklə Sovet İttifaqının tabutuna son mismarı vurdu.
SSRİ-nin dağılması bir çox cəhətdən əlamətdar hadisə idi. Bu çöküş qısa zamanda reallaşdı və qismən qansız ötüşdü. Ancaq indiyədək baş verənlər göstərir ki, Rusiya statusunun zəifləməsi, imperiyasının itirilməsi ilə qətiyyən barışmayıb.
Ona görə indi Ukraynada, Gürcüstanda, Moldovada, Belarusda yeni nəslin nümayəndələri də öz azadlıqlarını müdafiə etmək məcburiyyətindədirlər.
Rusiya prezidenti Vladimir Putin keçmiş imperiyanın nüfuzunu bərpa etməyə çalışır və qonşuluqdakı Mərkəzi Avropa ölkələri bədnam rus imperiyasının dönüşü təhlükəsi ilə üz-üzədir.
Ukrayna bu soyuq müharibənin mərkəzində durur.
2014-cü ildən bu yana Rusiyanın Krım yarımadasına və Ukraynanın şərqinə təcavüzü 14 mindən çox ukraynalının həyatına son qoyub və milyonlarla insanı öz ev-eşiyindən didərgin salıb. Ölkənin şərqində cəbhə xətti 2015-ci ildən bəri demək olar dəyişməz qalıb. Ukrayna vaxtaşırı itkilər verir. Ölkə ərazisinin 7%-i Rusiyanın işğalı altındadır.
1991-ci ilin dekabrında Ukraynada keçirilən referendumdan dörd ay qabaq – avqustun 24-də respublika parlamentində dövlət müstəqilliyi haqda ilk qərar qəbul edilmişdi. İndi həmin qərarın qəbul olunduğu gün Ukraynada rəsmən Dövlət Müstəqilliyi Günü kimi qeyd olunur. Müstəqillik avqustun 24-dən hesablansa da, hər halda məhz dekabrın 1-də keçirilən referendum Ukraynanın SSRİ-dən birdəfəlik qopmasına hüquqi yol açdı.
Referendum Ukraynanın müstəqilliyinin beynəlxalq səviyyədə tanınmasında böyük rol oynadı. Ukraynanın dövlət müstəqilliyini ilk olaraq tanıyan ölkələrin bir çoxu, o cümlədən Kanada, Polşa və ABŞ sonradan onun ən yaxın müttəfiqlərinə çevrildi, növbəti onilliklərdə ukraynalıların sülh, azadlıq və insan hüquqları uğrunda apardığı mübarizədə onunla çiyin-çiyinə dayandı.
Ukraynalıların məqsədi demokratik dünyanın əsas institutlarına qoşulmaqdır. Ölkənin NATO və Avropa İttifaqına üzv olmaq niyyəti 2019-cu ildə parlamentin konstitusiyaya etdiyi əlavədə də təsbit olunub.
1991-ci ildə Ukrayna tərəqqidən uzaq bir respublika təsiri bağışlasa da, ölkə həmin qeyri-sabit siyasi durumdan demokratik rəqabətə davamlı bir sistemlə çıxıb. Bu, Ukraynanı bütün postsovet məkanında ilham mənbəyinə çevirib. Eyni zamanda Ukraynada demokratiyanın inkişafı Rusiyanın avtoritar modelinə real təhlükə hesab olunur.
Hazırda Rusiyanın Ukrayna sərhədi boyunca hərbi gücünü artırması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Siyasi liderlər və analitiklər işğal ehtimalı ilə bağlı fərziyyələr irəli sürürlər. Halbuki Rusiya Ukraynanı çoxdan işğal edib və onun dövlətçiliyinə qarşı 8 ildir durmadan müharibə aparır.
Putin Ukraynanın müstəqilliyini tanımadığını açıq şəkildə hiss etdirir. Onun bu yaxınlarda yazdığı məqalədə “rusların və ukraynalıların tarixi birliyi”ndən bəhs etməsi, ruslarla ukraynalıların “bir xalq” olduğu barədə tez-tez fikirlər səsləndirməsi göstərir ki, Kremlin sahibi Ukraynanın ayrıca dövlət, onun xalqının fərqli bir millət olduğunu inkar edir. Bu ritorika çar dövrünü xatırladır və Putinin Ukraynaya qarşı müharibəsinin imperiya ambisiyalarına söykəndiyini ortaya qoyur.
Demokratik dünya Kremlin Ukrayna əleyhinə kampaniyasına tutarlı cavab verməklə hüquqa əsaslanan beynəlxalq nizamın qalib gələcəyini Rusiyaya sübut etməlidir.
Heç kimə sirr deyil ki, Rusiyanın anlaya biləcəyi bir dil var, o da güc dilidir. Təəssüf ki, 2014-cü ildən bəri Qərbin Rusiya ilə alveri davam etdirməsi Kremlin getdikcə özünü daha pis aparmasına stimul verib. Məktəb meydançasında olduğu kimi geosiyasətdə də dələduzlarla mübarizə aparmağın yeganə yolu onlarla qarşı-qarşıya gəlməkdir.
Qərbin Moskvaya birmənalı mesaj vermək üçün bir sıra variantı var. “Şimal axını – 2” qaz kəmərinin təsdiqlənməsi məsələsinin tam dayandırılması Rusiyaya güclü siqnal olardı. Ukrayna ilə hərbi əməkdaşlığı, o cümlədən silah təchizatını genişləndirmək də çox mühüm amildir.
Qərb liderləri Ukrayna və Gürcüstanın NATO-ya üzvlük planını irəli sürməklə Rusiyanın imperiya ambisiyaları əleyhinə olduqlarını nümayiş etdirə bilərlər. Moskvaya gələcəkdə NATO-ya üzvlüklə bağlı qeyri-rəsmi veto hüququ verilməsi Kremlin qoltuğunun altına qarpız qoyur və Rusiyanın beynəlxalq işğalçılıq siyasətini davam etdiriməsinə böyük zəmin yaradır.
30 il əvvəl ukraynalıların əksəri müstəqilliyə səs verib. Təəssüf ki, indi onlar keçmişi qaytarmaq istəyən Rusiyanın apardığı müharibədə müstəqillikləri uğrunda həlak olurlar.
Rusiya ordusunu Ukrayna sərhədinə cəmləyib. Onun Ukraynanın müstəqilliyinə qarşı təbliğatı da güclənib. Putinin Ukraynanı əsarət altına almaq cəhdi dünyanı yeni soyuq müharibəyə sürükləməkdədir. O, qətiyyətli təpki ilə üzləşməsə, öz imperiya planlarından əl çəkəsi deyil.
Gələcək onilliklərdə beynəlxalq münasibətləri formalaşdıracaq dəyərlər təhlükə altındadır. Demokratiya və hüquqa əsaslanan beynəlxalq düzənə qarşı yönəlmiş bu müharibəni dayandırmaq üçün Qərbə cəsarətli və uzaqgörən rəhbərlik lazımdır. Bunun alternativi isə böyük güclərin özünü zəif qonşulara sırıdığı dövr – imperiya dövrüdür.
Putin sovet imperiyasını dirçəltmək və 1991-ci il qərarını ləğv etmək istəyir. Biz buna imkan verə bilmərik.