Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Qətərin Doha şəhərinə səfəri çərçivəsində “Al Jazeera Mubasher” telekanalına müsahibə verib.
Mərkəzdən Qaziler.az bildirilib ki, müsahibə Azərbaycanın Qətərdəki səfirliyinin təşkilatçılığı ilə baş tutub. Müsahibə zamanı Fərid Şəfiyev Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün keçdiyi yol, Ermənistanla Azərbaycana arasında mövcud olmuş münaqişənin sülh yolu ilə həlli prosesinin dalana dirənməsi və müharibənin başlanması barədə məlumat verib. Fərid Şəfiyev həmçinin müharibədən sonra regionda baş verən proseslər barədə də danışıb və hazırda Azərbaycanın Ermənistanla dinc yanaşı yaşamaq istədiyini vurğulayıb. “Biz Ermənistan tərəfinə sülhməramlı təkliflər veririk. Hər iki ölkənin ərazi bütövlüyü tanınmalıdır. Lakin Ermənistan hələ bir qərara gəlməyib, birgəyaşayışla bağlı qərar verməyib və hələ də aramızda insidentlər yaşanır”,-deyə Fərid Şəfiyev bildirib.
Həmçinin müsahibə zamanı sərhəddə baş vermiş son atışmalara və son proseslərə də toxunulub. Fərid Şəfiyev bildirib ki, iki ölkə arasında sərhədlərin müəyyən olunmasına ehtiyac var: “Ona görə də biz Ermənistan tərəfinə təklif edirik ki, sərhədin demarkasiyasına başlasınlar. Ermənistan bizim öz ərazilərimiz üzərində suverenliyimizi tanımalıdır”. O, sərhəddə baş vermiş son təxribatın Ermənistan tərəfindən törədildiyini və səbəblərini hələ də məlum olmadığını qeyd edib.
Fərid Şəfiyev həmçinin İran yük maşınları ilə bağlı yaşanmış son gərginlik, bu problemin həll edilməsi, Türkiyə-Azərbaycan əlaqələrinin strateji mahiyyəti barədə sualları da cavablandırıb.
Qeyd edək ki, ilk dəfədir ki, azərbaycanlı müsahib sözügedən studiyada qonaq olaraq canlı müsahibədə iştirak edib.