Ermənistan "bəlkə də qaytardılar" gözləntisindən əl çəkməlidir - Cavid Əlizadə

Ermənistan "bəlkə də qaytardılar" gözləntisindən əl çəkməlidir - Cavid Əlizadə backend

“Təmas xəttindəki son terror və təxribatlar bədnam erməni revanşizmindən qidalanan qanlı cinayətlərdir və düşmən belə zorakı cəhdlərlə nəyəsə nail olacağını düşünürsə, bərk yanılır.”

Bu sözləri sərhəddəki son hadisələrlə bağlı fikirlərini bölüşən MƏQAM MEDİA GROUP-un İdarə Heyətinin sədri Cavid Əlizadə deyib.

O bildirib ki, Azərbaycan dövlətinin və xalqının heç kimin torpaqlarında gözü yoxdur, biz yalnız öz ərazilərimizdə suveren hüquqlarımızın bərpasına çalışırıq: “2016-cı ilin Aprel savaşı,  ötən ilin iyununda Tovuz istiqamətindəki müdafiə tədbirləri, sentyabrın 27-də başlanan Vətən müharibəsi də məhz ermənilərin xain hücumlarına cavab zəminində reallaşdı və ordumuzun gücünü ortaya qoydu. Bir il öncə, noyabrın 10-da Ermənistanın kaputilyasiyası barədə üçtərəfli saziş imzalandı. Qarşı tərəf həmin sənədin tələblərindən irəli gələn təslimçi, rüsvayçı öhdəliklərini yerinə yetirmək əvəzinə, yenidən savaş ocaqları alovlandırır, biabırçı məğlubiyyətlərə uğrayır, itkilər verir. Ona görə də qətiyyətlə söyləyirəm ki, Paşinyanı devirib hakimiyyətə yiyələnmək istəyən revanşist qüvvələr təkcə ölkəmizə, regiona deyil, elə erməni xalqının özünə də böyük xəyanət, qisasçılıq mövqeyindədirlər”.

Həmsöhbətimiz düşmənin çoxsaylı beynəlxalq hüquq normaları pozuntusuna da diqqət çəkib: “Şəhidlik məqamına yüksəlmiş 7 hərbçimizdən biri - Əliyev Natiq Yusif oğlu sanitar-təlimatçı idi. O, yaralı əsgərin təxliyyəsi zamanı həyatını itirib. Kiçik çavuş Əliyevin içində olduğu tibb maşını atəşə tutulub - Cenevrə Konvensiyasına əsasən bu, qəti qadağandır. Roma Statusunda deyilir ki, silahlı konfliktlərdə tibbi personala qəsdən hücum humanitar hüquqla təqib olunan və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid hərbi cinayətdir. 44 günlük Vətən savaşında da  ermənilərin beynəlxalq hüquq normalarını pozması nəticəsində bir neçə sanitar-təlimatçımız şəhid olub”.

Cavid Əlizadə hazırda rəsmi İrəvanın yeganə çıxış yolunun qalib Azərbaycanla sülh sazişi bağlayaraq hələlik əlində saxlaya bildiyi digər yerləri də könüllü boşaltmaq, atəşkəsə ciddi riayət etmək, yeni Zəngəzur dəhlizi kommunikasiyasına maneçilik törətməmək, zamanında boşa verdiyi regional və beynəlxalq iqtisadi layihələrdən bəhrələnməklə ölkədən qaçıb dağılan işsiz, səfil, ac-yalavac vətəndaşlarını bataqlıqdan çıxartmaq olduğunu vurğuladı: “İndi artıq ötən əsrin doxsanıncı illəri deyil ki, timsah gözyaşları axıdaraq qurbanlarını udsun... Zaman dəyişilib, cənab Prezident və Birinci xanımın rəhbərliyi ilə bütün informasiya blokadalarını yarmışıq. Haqq səsimiz hər yana yetişir, mütərəqqi dünya kimin kim olduğunu yaxşı bilir. Ermənistan supergüclərə arxayınçılığa, “bəlkə də qaytardılar” sadəlöhvlüyünə son qoyaraq, proseslərə real nəzərlərlə baxmalıdır. Bu isə bölgənin, dünyanın erməni faşizmi taunundan xilası, sülh və əmin-amanlığın bərpası deməkdir.”

 

Qurban Məmmədli      

loading...
Diaspora