Ekspert: “Düşünürəm ki, İranın səmimiyyətinə hələlik inanmaq olmaz”
“İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə əlaqələri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var”. Bunu İran prezidenti İbrahim Rəisi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib. İ.Rəisi deyib ki, İran və Türkiyə arasında əlaqələrin inkişafı, xüsusən ticarət və iqtisadi sahədə əlaqələrin inkişafı hər iki ölkənin xalqlarının xeyrinədir: “İran və Türkiyə əməkdaşlığın inkişaf etdirilməsi üçün yol xəritəsini tamamlamaqla əlaqələri bütün sahələrdə hərtərəfli inkişaf etdirməlidir”.
İran prezidenti qeyd edib ki, iki qonşu ölkə arasında yaxın əlaqələrin olması regionda sülh və sabitliyin də xeyrinədir: “Regional əməkdaşlıqlar beynəlxalq səviyyədə əməkdaşlığa qaldırılmalıdır. Hər iki ölkənin önəmli yerini nəzərə alsaq, bu kimi əməkdaşlıqlar dünyadakı proseslərə təsir edə bilər”. İ.Rəisi İranın terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə Ankara ilə əməkdaşlığı artırmağa hazır olduğunu bəyan edib.
İran prezidenti Cənubi Qafqaz ölkələri ilə ticarət əlaqələrinin inkişaf etdirilməsindən və bölgədəki sabitlikdən də danışıb: “İran İslam Respublikasının Azərbaycan və Türkiyə ilə münasibətləri qonşuluq əlaqələrindən daha artıqdır. Bu əlaqələrin dərin bağları, qədim dini və mədəni kökləri var”.
Beləliklə, bir müddət bundan əvvəl Azərbaycana qarşı sərt mövqe tutan İran son günlər mövqeyini dəyişməyə başlayıb. Bir neçə gün öncə isə İran 3+3 formatını dəstəklədiyini açıqlamışdı. “Tehran regionda dialoq və əməkdaşlıq formatlarını, o cümlədən 3+3 təşəbbüsünü fəal şəkildə dəstəkləyir”, - deyə xarici işlər naziri Abdollahian bildirmişdi.
Beləliklə, İranın Azərbaycana və Türkiyəyə jestlərinin, reveranslarının səbəbi nədir?
Fərəc Quliyev
Mövzu ilə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a danışıb: “Azərbaycanın xarici siyasətində daim bu prioritet var - sıfır problemli qonşuluq siyasəti. Azərbaycan dövləti heç bir zaman qonşuluğa pis münasibətdə maraqlı olmayıb. Hətta bizə qarşı pis münasibət olanda belə çalışmışıq ki, bunu yumşaq hala salıb, əvvəlki münasibətə geri dönək.
Xatırladım ki, Azərbaycan Prezidenti Araz çayı kənarına gedəndə Xudafərin körpüsünü dostluq körpüsü adlandırmışdı. Təəssüf ki, bundan sonra İran tərəfi xoşagəlməz davranışlar sərgilədi. Əgər bu gün İran tərəfi reallığı qəbul edirsə və Türkiyə-Azərbaycan- Rusiya- Ermənistan-İran-Gürcüstan ilə 3+3 formatında iştirak etmək istəsə, Azərbaycan heç vaxt buna etiraz etməz. Çavuşoğlu da Tehranda verdiyi mesajlarda məsələlərin anlaşılması, bölgədə sabitliyin və sülhün olmasında maraqlı olduğunu bildirdi. Əsas məsələ ölkələrin bir-birinin daxili işlərinə qarışmamasıdır. Azərbaycanın haqlı mübarizəsi və apardığı siyasətə qarşı çıxmamaq, ona qarışmamaqdır. Əgər normal şəkildə Azərbaycanın hüquqlarına hörmət etməklə, həmçinin beynəlxalq konvensiyaları gözləməklə qarşılıqlı etimad olacaqsa, istənilən ölkə ilə Azərbaycan xoş münasibətlər qurmaqda maraqlıdır. Hətta Ermənistana da belə mesajlar verir ki, müharibə artıq geridə qalıb, ərazi bütövlüyümüzü tanıyın və bölgənin çiçəklənməsində, həmçinin Ermənistanın özünün də səhmana düşməsində Azərbaycan və Türkiyə açılımlar etsin. Kim Azərbaycanın maraqlarına qarşı gəlibsə, ona qarşı gəlmişik və gələcəyik də, kim dövlətimizlə hörmətlə, ehtiramla münasibət saxlayacaqsa, xoş münasibət bəsləyəcəyik. Bu bir faktdır ki, Azərbaycan artıq bölgə, Türkiyə isə dünya gücünə çevrilib. Azərbaycan-Türkiyə bölgədə istənilən siyasi konstruksiyada müəllifdir və hər iki dövlətin iştirakı olmadan heç nəyi reallaşdırmaq mümkün deyil. Təbii ki, İran da bütün bunları görür və başa düşür ki, fərqli bir mövqe tutarsa, bu, bizim üçün deyil, onun özü üçün zərərli olardı. Ona görə də İran rəsmiləri dövlət çıxarlarından çıxış edərək, mövcud reallıqla razılaşırlar".
Teymur Qasımlı
Siyasi analitik Teymur Qasımlı da qeyd edib ki, İran son zamanlar Azərbaycan qarşı diplomatik təhdidlər edir, üstəlik, 3+3 formatına isti baxmırdı: “Çünki bu format onun müəyyən maraqlarına cavab vermirdi, üstəlik, bu formatı Ərdoğan demişdi və sairə. İran istəyirdi ki, burada yalnız Rusiya və İran formatı olsun. Beləliklə, 3+3 formatına cidd-cəhdlə qarşı gəlirdi. Bəs sonra niyə mövqeyini dəyişdi? Düşünürəm ki, bunun iki səbəbi var. İranın xarici işlər naziri Moskvaya gedib Lavrovla görüşdükdən sonra ona 3+3 formatına qoşulmağı məqsədəuyğun bilinib və şərtlər irəli sürülüb.
İkinci səbəb bu olub ki, 3+3 formatının olmaması üçün İran Azərbaycana qarşı təxribatlar edib, bəyanatlar verirdi, lakin həm Azərbaycan rəsmiləri, həm də ictimaiyyəti bunlara lazımi səviyyədə cavab verdiyinə görə İran məcbur qalıb 3+3 formatı ilə razılaşıb, isti mesajlar verməyə başlayıb. Üçüncü variant isə ondan ibarətdir ki, Türkiyənin xarici işlər naziri Çavuşoğlu ilə görüşdükdən sonra regiondakı məsələlər müzakirə olunub və 3+3 formatı ilə bağlı müzakirələr aparılıb, İranın həm Yaxın Şərqdə, yəni konkret olaraq Suriyada, Qafqazda çıxılmaz dalana dirəndiyini görüb, məcburən diplomatik oyun olaraq 3+3 formatına qoşulacağını və buradakı bəzi məsələlərdə yaxından iştirak edəcəyini deyir. Düşünürəm ki, İranın bu cür mesajlarının səmimiyyətinə hələlik inanmaq olmaz".
“Yeni Müsavat”