Dünya siyasəti erməni oxu ətrafında fırlanmır...

Dünya siyasəti erməni oxu ətrafında fırlanmır... backend

Ermənistanda böhran xaosa çevrilib. Müdafiə nazirliyində çaşqın dəyişiklik, sərhəddə uğursuz təxribatlar, kadr çatışmazlığı və məğlubiyyətdən doğan digər məlum proseslər millət və dövlət olaraq erməniləri dalana dirəyib.

Müxalifətin və cəmiyyətin bir hissəsinin təzyiqi nəticəsində 9 noyabr Moskva görüşündən imtina edən Nikol Paşinyan sərhədlərin müəyyənləşməsi haqqında imzalanacaq sənədin hakimiyyətin mövqelərini sarsıdacağından və müxalifətin bundan sui-istifadə edəcəyindən ehtiyat etdi. Bu ehtiyatlılıqda real tərəflərin olduğu açıq hiss olunurdu. Nə erməni cəmiyyəti, nə müxalifət Azərbaycanın  sərhədlərini tanıyan sənədin imzalanmasını istəmirlər. Nəticə bu gün sərhəddə baş verənlər ermənilər üçün daha acınacaqlı oldu-həm canlı qüvvə itirdilər, əsir düşdülər, həm də zəif olduqları bir daha təsdiq olundu. 

 

Yeni müdafiə naziri ilə kiçik də olsa uğur qazanmaq məqsədilə sərhəddə döyüş təxribatına yol verdi, amma təxribat bumeranq olub Ermənistana dəydi. İndi bir tərəfdən könüllülərə çağırış elan edilir, digər tərəfdən Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ, Rusiya, İran səfirləri ilə təcili görüşlər keçirib Azərbaycanı sərhədi pozmaqda ittiham edir. Hansı sərhədi? Əgər düşmən sərhəd tanıyandırsa niyə Moskva görüşündən imtina etdilər? Armen Qriqoryan Amerika səfirinə indi sərhəddə baş verənlərin Ermənistanda demokratiyaya zərbə olduğunu deyib, ABŞ-ın qarşısında əzabkeş obrazını yaratmağa çalışır,  sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı iş görməyə hazır olduqlarını, amma bunun Qarabağın statusuna aidiyyatı olmadığını da vurğulayır. Elə Paşinyan hakimiyyətini hər vəchlə istefaya göndərmək istəyən müxalifət də sərhədlərin müəyyənləşməsinə qəti etiraz edir. Elə isə yenə təkrar edirik: sərhədləri sovet xəritələri əsasında tanımaq istəmirsinizsə hansı prinsipə, hansı xəritəyə əsaslanıb Azərbaycanı sərhəd popzmaqda ittiham edirsiniz? Rusiyanı da burada günahlandıran media və siyasi partiyalar müxtəlif yollara baş vurmaqdan çəkinmirlər. NATO-ya müraciət edəcəklərini, BMT Təhlükəsizlik Şurasının iclasını çağırmağı tələb edirlər. Onsuz da BMT-yə sənəd hazırlanması barədə xəbərlər yayılmaqda idi və bu günkü sərhəd qarşıdurması da burda bir bəhanə olaraq müzakirəni sürətləndirə bilər. Sərhəddə baş verən təxribatları dolayısı yolla Qarabağın statusu məsələsinə yönəltmək istiqamətində hansı fəsadların yaranacağına diqqət edək.

 

Ermənilər bütün variantlara əl atırlar ki, Qarabağın bir hissəsini, konkret olaraq keçmiş DQMV ərazisini Azərbaycanın tərkibindən çıxarsınlar və həmişə olduğu kimi bunu öz gücləri ilə deyil dünya siyasətinin aparıcı qüvvələri vasitəsi ilə həyata keçirsinlər. Erməni variantları ermənilərin arzuları, xəyalları ola bilər, amma bu arzuların çin olması üçün erməniyə dəstək verən güclərin dünya siyasətinə təsiri reallıqdır və bir-biri ilə əks mövqedə dayanan bu güclərin Qarabağ məsələsində bəzən ortaq məxrəcə gələ bildikləri də zaman-zaman özünü göstərib. Minsk Qrupu həmsədrləri olan ABŞ və Fransa digər həmsədr Rusiya ilə qlobal mənada nə qədər düşmən olsalar da, uzun illərdir Qarabağ məsələsində Azərbaycandan çox Ermənistanın mövqeyində dayandıqlarını vurğulamağa ehtiyac yoxdur. Hətta, Azərbaycanın müharibədə qələbəsindən sonra da çalışırlar ki, beynəlxalq hüquqla Azərbaycanın ərazisi kimi qəbul olunan Qarabağın bir hissəsini hansısa statusla ermənilərə bəxş etsinlər.  Son günlər bu istiqamətdə yeni bir variantın hazırlandığı barədə erməni siaysiləri mediada təbliğata başlayıblar.

 

Məlum olur ki, guya ( hələ ki, “guya” deyək) BMT-nin Təhlükəsizlik Şurası yeni razılaşma layihəsi üzərində işləyir. Yeni layihəyə görə ABŞ, Fransa və Rusiya ilk olaraq bu layihəni öz aralarında, sonra  Azərbaycan və Ermənistanla da razılaşdırır. Yayılan məlumatda hətta ABŞ, Rusiya və Fransanın artıq razılaşdığı vurğulanır və layihə Ermənistan və Azərbaycan rəhbərliyi ilə razılaşdırmaq mərhələsinə keçir. İndiki halda bu inandırıcı olmasa da, variantlardan biri və ən təhlükəlisidir.

 

Əslində əvvəllər də bu variant səslənib, amma indi guya reallaşmaq üzrədir.  Bu layihəyə əsasən Azərbaycan və Ermənistan arasında “mübahisəli ərazi” kimi təqdim olunan keçmiş DQMV ərazisi beynəlxalq idarəetməyə verilməlidir. 

 

Erməni mediasının yazdığına görə BMT Kosovo kimi Qarabağda beynəlxalq idarəetməni həyata keçirəcək struktura mandat verməli və bu administrasiyanın missiyası Qarabağda referendum hazırlayıb nəticəsinə görə də yekun status müəyyən edəcək. Bu layihəyə görə referendum öz müqəddəratını təyin etməyə imkan verən istənilən statusu müəyyən edə bilər. Yəni, Ermənistanla birləşmək, müstəqillik və ya Azərbaycanın tərkibində olmaq. Və bu referendumun nəticələri bütün tərəflər üçün məcburi olacaq. 

 

Bu layihədə əsas məqsəd beynəlxalq qüvvələri Qarabağ münaqişəsinə cəlb etməkdir. Hətta bu qüvvələri bütün keçmiş DQMV inzibati ərazisi ətrafında təhlükəsizlik zolağı kimi yerləşdirmək nəzərdə tutulur. Və guya bu status Laçın dəhlizinə də şamil olunaraq Ermənistan və “Artsax” arasında birləşdirici rol oynayacaq. 

 

Erməni siyasiləri bu vəziyyətdə Rusiyanı da şantaj etməkdən çəkinmirlər. Əgər Rusiya bu layihəyə etiraz edərsə ABŞ silahlı qüvvələrini baza halında Gürcüstana yerləşdirməyə hazırdır.  Ermənilərin arzularına görə Rusiya da bununla razılaşmayıb beynəlxalq qüvvələrin Qarabağa daxil olmağı ilə razılaşacaq. 

 

Göründüyü kimi ermənilər dünya siyasətinin yalnız erməni oxu ətrafında fırlanacağını fikirləşib xəyallara dalırlar. Nə Rusiya, nə də ABŞ erməni arzuları ətrafında siyasət qurmurlar. Sərhəddə baş verən təxribat da bumeranq olub ermənilərin başına dəydi. 

 

Azərbaycan bununla yanaşı döyüşdə olduğu kimi diplomatiyada da uğur estafetini davam etdirməli, düşmənin BMT arzularına zərbə endirməlidir. 

 

İlham İsmayıl

moderator.az

loading...
Diaspora