Xəbər verdiyimiz kimi, İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edilib.
Bu münasibətlə "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev Prezidentə qazilər adından təbrik ünvanlayıb.
Asəf Əliyev Qaziler.az-a bildirib ki, bu, dövlət başçımızın böyük bir qələbəyə imza atmasının daha bir nümunəsidir. "Siz Müzəffər Ali Baş Komandan olaraq təkcə Qarabağdan didərgin düşən insanların yurd həsrətinə son qoymadınız, eyni zamanda, Türk dünyası üçün önəmli işlər görürsünüz. Bunun müqabilində Türk Dövlətləri Təşkilatı sizi mükafatlandırıb. Biz qazilər buna çox sevinir və Qarabağ qaziləri adından sizi ürəkdən təbrik edirik. Azərbaycanımızın çiçəklənməsi və inkişafı naminə Sizə tutduğunuz bu müqəddəs yolda uğurlar arzulayırıq. Siz Azərbaycan xalqı üçün əvəzsiz işlər görürsünüz. İllər keçdikcə Sizin indi gördüyünüz işlərin əhəmiyyəti daha da artacaq".
Qeyd edək ki, Ali Orden dövlətimizin başçısına noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim edilib.
Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının bununla bağlı qəbul etdiyi qərarda deyilirdi:
“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Dövlət Başçıları Şurası Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri İlham Əliyevin böyük şərəflə “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul etmişdir”.