"Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaq" - İlham Əliyev

"Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaq" -  İlham Əliyev backend

"İlk növbədə, bu yüksək mükafata görə, Türk Dünyasının Ali Ordeninə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir, eyni zamanda, böyük məsuliyyətdir. Mənim sevincimi ikiqat edən odur ki, bu Ali Ordeni mənə Türk Şurasına üzv ölkələrin dövlət başçıları təqdim edirlər".

Qazilər.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə görüşündə çıxışı zamanı deyib.

"Onların imzası ilə və əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə bu yüksək mükafat mənə verilir. Qeyd edilir ki, bu, Qarabağın azad edilməsi işində göstərdiyim səylərə və türk birliyinin daha da güclənməsi işinə töhvələrimə görə verilir. Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır.

İkinci Qarabağ savaşında göstərdiyimiz əzmkarlıq, iradə, rəşadət bizi böyük Zəfərə gətirib çıxardı və onu da bildirməliyəm ki, bunu hər kəs görür, bizə əlavə güc verən əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından başlayaraq son dəqiqələrinə qədər bizə göstərdiyi dəstək və mənəvi dayaqdır. Çünki biz bu dəstəyi hiss edərək, onun sözlərinə qulaq asaraq özümüzü daha da güclü hiss etdik. Çünki hörmətli Cümhurbaşqanı demişdir ki, Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır və bu, bizə əlavə güc verdi. Bu, bəzi qüvvələri - Ermənistan himayədarlarını bu savaşdan kənarda tutdu və bizə imkan verdi ki, biz bu şərəfli missiyamızı yerinə yetirək", - Prezident vurğulayıb.

loading...
Diaspora