Putin xaosu alovlandırır və acizliyə gülür

Putin xaosu alovlandırır və acizliyə gülür backend

Böyük Britaniyanın “The Telegraph” qəzetində “Putin Avropada xaosu alovlandırır və Qərbin acizliyinə gülür” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi qəzetin müdafiə məsələləri üzrə redaktoru, eyni zamanda xarici məsələlər üzrə baş icmalçısı Kon Kaflindir. Novator.az saytı məqaləni ingiliscədən çevirərək təqdim edir.

Qərb liderləri Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin iqlim dəyişikliyi üzrə 26-cı konfransında razılaşdırılmış öhdəliklərin təmin edilməsi üzərində iş aparırlarsa, demək, Rusiya prezidenti Vladimir Putinin yaxın müttəfiqi də Şərqi Avropada sərhəd gərginliyini alovlandırmalıdır – burada təəccüblü heç nə yoxdur.

Belarus prezidenti Aleksandr Lukaşenko minlərlə miqrantı Polşa sərhədinə göndərməklə bilərəkdən Varşava ilə müharibə yolunu seçib. Bu, açıq-aşkar Avropanın təhlükəsizliyini pozmaq niyyətinin bir hissəsidir.

Yazda tanınmış fəalı həbs etdirmək üçün “Ryanair” şirkətinə məxsus sərnişin təyyarəsini Belarus paytaxtı Minskdə yerə enməyə məcbur edəndən bəri Lukaşenkonun Avropanın ən qeyri-sabit fiqurlarından biri olması imici daha da möhkəmlənib.

Lukaşenkonun çoxları tərəfindən hava quldurluğu kimi qiymətləndirilən bu davranışı, eyni zamanda ötənilki mübahisəli seçkidən sonra etirazları sərt formada yatırtmaq cəhdləri Avropa İttifaqının onun avtoritar rejiminə sanksiyalar tətbiq etməsi ilə nəticələnib.

Buna cavab olaraq Belarus İraq, Suriya və Yəməndən miqrasiya etmiş minlərlə adamı Polşa ilə sərhədə yönəltməkdədir. Bu həm Polşanı, həm də ümumən Avropa İttifaqını ciddi təhlükə altına atan bir addımdır.

Aydın məsələdir ki, Belarus lideri Brüsseli sanksiyaları yumşaltmaq məqsədilə qorxudur. Amma o biri yandan avropalı rəsmilər burada Putinin əli olduğuna da qəti əmindirlər.

Bügünlərdə Polşa rəsmilərindən biri belə deyib: “Bu iş Rusiya ilə razılaşdırmaqla həyata keçirilir”.

Moskvanın müdaxiləsinin təhlükəli olduğunu isə Lukaşenko özü də etiraf edib. O, deyib: “Allah göstərməsin, biz azacıq səhvə yol versək, bu dərhal Rusiyaya – nəhəng nüvə dövlətinə toxunacaq”.

Həmişəki kimi Putin NATO-ya ciddi problemlər yarada bilən böhranda, Polşa ilə münasibətlərin gərginləşməsində əli olduğunu boynuna almır.

Hələ ki, o, yalnız Litvanı fövqəladə vəziyyət elan etməyə məcbur edib. Estoniyanın müdafiə naziri isə bu gərginliyi Sovet İttifaqı dağılandan bəri regionun üzləşdiyi ən ağır təhlükəsizlik böhranı adlandırıb.

Brüssel Lukaşenkonu başkəsən kimi davranmaqda ittiham edir və Avropa İttifaqı ölkələrinin liderləri arasında böhranın həlli metodları ilə bağlı fikir ayrılığını aradan qaldırıb effektiv çıxış yolu tapmağa çalışır. Bunların hamısı Putinin töfhə verdiyi qeyri-sabitliyin nişanələridir.

Polşa sərhədində mübahisənin baş qaldırması öz planlarını həyata keçirmək üçün beynəlxalq qarışıqlıqdan faydalanmaq kimi təhlükəli bir vərdişi olan Rusiya liderinin fəallaşması hadisəsi ilə üst-üstə düşür. 2014-cü ildə də belə olmuşdu: bütün dünyanın başı olimpiyaçılara qarışanda Moskva Krıma soxulmuşdu.

Qlazqodakı konfransa qatılmaqdan imtinası, Böyük Britaniyanın baş naziri Boris Consonun dünyanın iqtisadi cəhətdən güclü ölkələrini 2030-cu ilədək karbon tullantılarına dair öhdəlikləri yerinə yetirmək çağırışını qulaqardına vurması ilə Putin 26-cı iqlim konfransının gündəliyinə ikrahla baxdığını nümayiş etdirdi.

Rusiyanın ən tezi 2060-cı ildə bu məqsədlərə nail olacağına dair verdiyi qeyri-müəyyən vədlər, Putinin iqlim dəyişikliyi ilə mübarizə aparmağa həvəs göstərməməsi ABŞ-ın keçmiş prezidenti Barak Obamanı Rusiya liderini lənglikdə qınaması ilə nəticələndi.

26-cı konfransın nəzarət iddialarına xor baxan Çin lideri Si Cinpin kimi Vladimir Putin də Qərbin kömür, neft və qazdan qurtulmaq cəhdlərinin Moskvanın xeyrinə işləyəcəyinə inanır. Kremlin hesablamasına görə, yaxın perspektivdə, lap qısa müddət çərçivəsində də olsa, Qərbdə Rusiyanın enerji ehtiyatlarından asılılıq artacaq və karbon tullantılarını neytrallaşdırmaq cəhdinə görə Qərbin üzləşəcəyi iqtisadi böhran Moskvanın geosiyasi cəhətdən güclənməsinə gətirib çıxaracaq.

Deyəsən, Rusiya lideri Kremlin avropalı qonşularının həyatını çətinləşdirməyə qadir olduğunu nümayiş etdirməkdən belə çəkinmir. Bugünlərdə ABŞ-ın kəşfiyyat peykləri Rusiyanın Ukrayna sərhədi yaxınlığına əhəmiyyətli dərəcədə hərbi qüvvə topladığını qeydə alıb.

Eyni zamanda Rusiyanın enerji nəhəngi “Qazprom” Ukraynaya qaz hasilatını iki dəfə azaldıb. Şirkət Polşadan keçən boru kəmərləri ilə qaz ixracının həcmini də aşağı salıb.

Böyük ehtimalla Kremlin belə davranmaqda niyyəti Avropa liderlərinə təzyiqi artırıb Baltik dənizindən Almaniyaya qədər uzanan “Şimal axını – 2” qaz kəmərinə lisenziya almaqdır.

Putin qaz ixracını azaldandan bəri dünya bazarında qiymətlər düşüb. Onun Avropanın təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyə hazır olması isə Rusiya liderinin Avropada daha böyük iğtişaşlara rəvac vermək cəhdindən usanmadığını göstərir.

Üstəlik, Qərb liderləri Kremlin NATO-nun şərq sərhədinə mümkün hücumuna adekvat cavab verməyə hazır vəziyyətdə görünmürlər.

Bayden administrasiyasının başı Çinə o qədər qarışıb ki, Rusiyaya ciddi fikir verə bilmir. Brüsselin böhrana öz müdafiə qüvvələrini səfərbər etməklə cavab verəcəyi ehtimalı isə Putinin qulağına bir nağıl kimi səslənir və NATO-nun effektivliyini ciddi təhlükə altında qoyduğuna görə ürəyinə yağ kimi yayılır.

Beləliklə, Putin Polşa sərhədindəki gərginliyə birbaşa məsuliyyət daşıdı-daşımadı, böhrandan ən çox bəhrələnən lider məhz o olacaq.

loading...
Diaspora