“Xəzər dənizi hövzəsi ölkələrinin öyrənilməsi üzrə” onlayn kurs keçirilib

“Xəzər dənizi hövzəsi ölkələrinin öyrənilməsi üzrə” onlayn kurs keçirilib backend

ADA Universiteti və Xarici İşlər Nazirliyi tərəfindən “Xəzər dənizi hövzəsi ölkələrinin öyrənilməsi üzrə” onlayn formatda kurs təşkil edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi(QMKİDK) sədrinin müavini Fuad Hüseynov kursda iştirak edən Avropa, Asiya, Şimali və Cənubi Amerika, Afrikadan olan 30-dan çox dövlət qulluqçusu, orta və yüksək rütbəli diplomat və beyin mərkəzlərinin mütəxəssisləri üçün “Uzun müddətli məcburi köçkünlük və həsrətlə gözlənilən Qayıdış” mövzusunda mühazirə deyib.

Qazilər.az QMKİDK-nın saytına istinadla xəbər verir ki, Dövlət Komitəsinin sədr müavini Ermənistanın Azərbaycana qarşı deportasiya və işğalçılıq siyasəti, bunun nəticəsində yurd-yuvasını tərk etməyə məcbur olmuş qaçqın və məcburi köçkünlər haqqında məlumat verib. Bildirilib ki, tarixi yurd yerlərini tərk etməyə məcbur olmuş bir milyondan çox insan respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşıb. Köçkünlüyün ilk illərində onlar yeraltı qazmalar, çadır düşərgələri, zirzəmi, yataqxana və digər bu kimi obyektlərdə çətin şəraitdə yaşamağa məcbur olublar. Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı həyata keçirilən dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasət Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilərək davam edir. Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində 300 mindən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb, onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə tədbirlər həyata keçirilib. Birinci vitse-prezident Mehriban xanım Əliyeva məcburi köçkünlərə daim diqqət və qayğı göstərib.

Qeyd olunub ki, Ermənistan 30 ilə yaxın işğal altında saxladığı əraziləri tam dağıdıb, tarixi, mədəni abidələri, qəbiristanlıqları məhv edib. Vətən müharibəsi nəticəsində qazanılmış Qələbə nəticəsində məcburi köçkünlər ata-baba yurdlarına qayıtmaq imkanı qazanıb. Dövlət tərəfindən rabitə və kommunikasiya xətləri qurulur, kommunal xidmətlərdən istifadənin əlçatanlılığı təmin edilir. Ərazilərin minalardan təmizlənməsi həyata keçirilən tədbirlər arasında prioritet təşkil edir. Ermənistan tərəfindən təxminən 30 illik işğalı dövründə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin geniş miqyaslı dağıntılara məruz qalması və bu ərazilərin məqsədyönlü şəkildə minalanması yüz minlərlə məcburi köçkünün öz evlərinə təhlükəsiz və layiqli şəkildə qayıtmaq kimi ayrılmaz hüququnun həyata keçirilməsinə mənfi təsir göstərir.

Diqqətə çatdırılıb ki, dövlət tərəfindən “ağıllı kənd”, “ağıllı şəhər”, “yaşıl zona” konsepsiyası əsasında məcburi köçkünlərin rahat, müasir standartlara cavab verən mənzillərə köçürülməsi üçün iş görülür. Həmçinin insanların təhlükəsiz yaşayışı təmin ediləcək, əvvəllər işğal altında olmuş ərazilər ən abad guşələrə çevriləcək.

Daha sonra təlim iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Diaspora