Misirdəki diaspor mərkəzində Zəfər Günü qeyd olunub - FOTO

Misirdəki diaspor mərkəzində Zəfər Günü qeyd olunub - FOTO backend

Misirdəki diaspor mərkəzində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiyası Şurasının Misir üzrə əlaqələndiricisi, eyni zamanda “Vətənpərvər” Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyinin əməkdaşları, diaspor nümayəndələri, eləcə də Qahirədə təhsil alan azərbaycanlı və misirli tələbələr iştirak edib.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi ehtiramla yad edildikdən sonra tədbiri açıq elan edən Seymur Nəsirov həmvətənlərimizi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib. O, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqq səsinin ərəbdilli ictimaiyyətə çatdırılması istiqamətində təşkilat üzvlərinin fəaliyyətindən, yerli mətbuatda və sosial şəbəkələrdə erməni yalanlarının ifşası istiqamətində görülmüş işlərdən  də bəhs edib.

Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və şanlı Ordumuzun rəşadəti sayəsində qazanılmış Zəfər harada yaşamasından asılı olmayaraq, bütün dünya azərbaycanlılarında, o cümlədən Misirdə yaşayan həmvətənlərimizdə böyük qürur hissi doğurur. Təsadüfi deyil ki, Misirin nüfuzlu ictimai-siyasi xadimlərinin təsis etdikləri Misir-Azərbaycan Dostluq Cəmiyyəti ötən il şanlı Qələbə münasibətilə və Zəfər Günü ilə əlaqədar Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Sonra Azərbaycan diaspor mərkəzində fəaliyyət göstərən Azərbaycan dili kurslarının müdavimləri Qarabağa və Azərbaycana həsr olunmuş şeirlər söyləyib, səhnəcik nümayiş etdiriblər.

Tədbirin sonunda azərbaycanlı uşaqlar tərəfindən Qarabağ və Vətən müharibəsi mövzularında çəkilmiş rəsmlərə baxış keçirilib, müəlliflərə diaspor mərkəzinin hədiyyələri təqdim edilib.

 

loading...
Diaspora