Minsk qrupunda yeni diplomat

Minsk qrupunda yeni diplomat backend

ATƏT-in Minsk qrupuna həmsədrlik edən Fransanın təmsilçi diplomatı dəyişib: Stefan Viskontini Bris Rokfey əvəzləyib. Xəbər noyabrın 4-də yayılıb.

Digər həmsədrlər Rusiyadan İqor Xovayev, ABŞ-dan Endrü Skoferdir.

Novator.az bildirir ki, Minsk qrupunun Ermənistan-Azərbaycan münaqişəsini dinc yolla nizamlamaq üçün beynəlxalq vasitəçilik mandatı var.

1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətində bölgənin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə açıq hərbi təcavüzə çevrilib.

1991-ci ildə Dağlıq Qarabağ “müstəqil dövlət” elan edilib. Bunun ardınca müharibə alovlanıb, işğal başlayıb.

1994-cü ildə atəşkəslə dayanan müharibədə Ermənistan Dağlıq Qarabağı və bölgənin ətrafındakı yeddi rayonu işğal edib.

1992-ci il martın 24-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Məclisinin (Təşkilatının) Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub.

1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, konfransa hazırlıq məqsədilə italyan Mario Rafaelliyə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib.

1994-cü ilin dekabrında ATƏT həmsədrlik institutu yaradıb. Minsk qrupunda həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib.

1995-ci il yanvarın 6-dan ATƏT-in Minsk qrupuna Rusiyadan Vladimir Kazimirov, İsveçdən Yan Eliasson həmsədrlik ediblər. Bir müddətdən sonra Yan Eliassonun yerinə finlandiyalı Rine Niberq keçib.

1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi Jak Blo həmsədr təyin olunub. 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ. Bu ölkədən Stroub Telbott Minsk qrupuna həmsədr gətirilib.

1997-ci ildən sonra Minsk qrupunda Rusiyadan Valentin Lozinski, Yuri Yukalov, İqor Studennikov, Nikolay Qribkov, Yuri Merzlyakov, İqor Popov; Fransadan Jorj Vojye, Jan Jak Qayard, Filip de Sürmen, Anri Jakole, Bernar Fasye, Jak For, Pyer Andriyo; ABŞ-dan Cozef Pressel, Linn Pasko, Donald Kayzer, Kerri Kavano, Rudolf Perina, Stiven Mənn, Metyu Brayza, Robert Bradtke, Ceyms Uorlik, Riçard Hoqland həmsədr olublar.

Qurumda Rusiya, Fransa, ABŞ, Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də yer alır.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci il sentyabrın 27-dən apardığı əməliyyatlarda və 10 noyabr atəşkəsində əldə olunan razılaşma nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Laçın rayonları və keçmiş Ağdərə rayonu qismən azad olunub.

Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi işğalda qalır.

Laçın şəhəri və rayonun 6 kəndi bölgədə atəşkəsə məsul olan Rusiya Ordusu bölmələrinin əlindədir. (novator.az)

loading...
Diaspora